Astara naringisi Rusiya bazarlarına göndərilir - FOTOLAR

5 Noyabr 2025 15:39 (UTC+04:00)

Limon, portağal, qreyfrut, kinkan, narıngi. Ümumi sahəsi 4408 hektar təşkil edən Astaranın sitrus bağlarının 2592 hektarı naringinin payına düşür. Hazırda bu dadlı, faydalı meyvənin kütləvi yığımı davam edir. SİA xəbər verir ki, Astaranın sitrus bağlarnda naringi yığımı əsasən dağətəyi kəndlərdə aparılır. Kijəbə qəsəbə inzibati vahidliyinə daxil olan kəndlərdə 900 hektar sitrus bağının 700 hektarı naringidir. Naringinin ən çox əkildiyi ərazi isə Tüləgivan kəndidir. Burada elə bir təsərrüfat yoxdur ki, naringi ağacları omasın. Artıq iki həftəyə yaxındır məhsul yığımına başlanılıb. Naringinin əsasən tez yerişən “Karli” sortu yığılır. Bu sort naringinin həm qabığı nazik olur, həm də dadı və ətri ilə seçilir.

Tüləgivan kənd sakini Adil Ağayev ailə üzvləri ilə birgə özünə məxsus torpaq sahəsində 1700 naringi ağacı becərir. Bunun da yarısı tez yetişəndir. Onbirillik ağacların hər birində orta hesabla 40-50 kiloqram meyvə var. A.Ağayev keyfiyyətli məhsul yetişdirməyin zəhmətlə başa gəldiyini və bağa qulluq etməyin vacib amil olduğunu söyləyir.

Təsərrüfatçı Samirə Ağayeva isə deyir ki, bu il məhsuldarlıq yüksək olsa da, bəzi təsərrüfatlarda meyvələrin çoxu kiçikölçülüdür. O, hər il 15-20 ton meyvə yığdıqlarını bildirir.

Yığılan məhsul tədarük məntəqələrinə gətirilərək, çeşidlənir. Tədarükçülər məhsulu respublikanın müxtəlif rayonlarına, paytaxt bazarlarına ,eləcə də Rusiyanın müxtəlif şəhərlərinə göndərirlər. Onlardan biri də Ehtiram Gəncəliyevdir. Həmsöhbətimiz bildirir ki, məhsulu elə bağdan alıb Rusiya bazarlarına göndərirlər.

Yaxın günlərdə elit sort naringinin yığımına da başlanılacaq. Yığım noyabr ayının axırlarına qədər davam edəcək.