""Black Friday” günlərində endirim fırıldağı edən şirkəti müştərilər boykot etməlidir” - İQTİSADÇI AÇIQLADI

5 Noyabr 2025 15:05 (UTC+04:00)

“Black Friday” endirimləri şirkətlərin şəxsi qərarlarıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, şirkətləri endirim etməsi üçün heç kim məcbur edə bilməz: “Əgər şirkət “Black Friday” endirimlərinə yaxın vaxtda satdığı məhsulun qiymətini 100 AZN-dən 150 AZN-ə qaldırırsa və sonra həmin məhsula 50% endirim tətbiq edirsə, alıcı həmin məhsulu almağa razılaşırsa, bu artıq alıcının psixoloji durumuna əsaslanır. Şirkət öz məhsulunu satmaq istəyir.

Alıcılar psixoloji olaraq, endirim sözünü eşitmək istəyirlər. “Black Friday” günlərində şirkətlər öz məhsullarını maksimum maya dəyərinə sata bilərlər. Alıcılar qiymət məsələsində həssadırlarsa, özləri diqqətli olmalıdırlar. Yəni alıcı özü məhsulun qiymətini izləməlidir. Çünki mağazalarda yüzlərlə, minlərlə məhsul çeşidi var. Dövlət bütün məhsulların qiymətini izləyə bilməz. Alıcı şirkətin endirim fırıldağını görürsə, bu halı ictimailəşdirə bilər və həmin məhsulun alışından imtina edə bilər. Bu cəza şirkət üçün ən effektiv cəzadır. Çünki şirkəti boykot edirsən və endirim fırıldağına görə ifşa edirsən. Bundan effektiv cəza ola bilməz. Şirkətlər müştərilərinə qarşı dürüst olmalıdırlar”.

Müəllif: İlkin Məmmədkərimov