"Heç bir məntiqli insan məktəbin bağlanması haqqında düşünə bilməz" - MEDİA KAPİTANLARI DANIŞDI

5 Noyabr 2025 14:56 (UTC+04:00)

İki gün öncə Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin qəzetlərlə bağlı dediyi fikirlər böyük müzakirələrə səbəb olub. O bildirib ki, çap mətbuatının davam gətirməsi mümkünsüzdür. Onun sözlərinə görə, dövlət yazılı mətbuatın yaşaması üçün uzun illərlə dəstək olub və bunun hesabına qəzetlər fəaliyyət göstərir: "Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur".

Məsələyə münasibət bildirən SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev SİA-ya açıqlamasında bildirib ki, elə qəzetlər var ki, həqiqətən də müasir dövrlə uzlaşmırlar və müasir dünyanın tələblərinə cavab vermirlər: "Belə qəzetlərin bağlanması bəlkə də zərurətə çevrilib. Ancaq elə qəzetlər var ki, məsələn “SƏS” qəzeti kimi bir qəzet Azərbaycanın müstəqillik tarixində böyük rol oynamış ilk xəbərçilərdən olub. Eyni zamanda “SƏS” qəzeti təkcə qəzet kimi fəaliyyət göstərməyib, bir məktəb olaraq Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq ideologiyasını təbliğ edən və nəzəri bilikləri öyrənmiş jurnalistlərə praktik biliyi tədris edən məktəbdir. Ona görə də məktəb kimi bir qəzet hesab edirəm ki, bütün dövrlərdə lazımdır. “SƏS” qəzeti elə bir məktəbdir ki, burada Azərbaycanın canlı tarixi yatır.

Azərbaycan tarixinin arxivi məhz bu qəzetin səhifələrindədir. Ona görə də “SƏS” qəzetinə həm qəzet kimi, həm məktəb kimi, həm də Azərbaycan tarixini yaşadan bir qəzet kimi baxmaq lazımdır. Belə bir məktəbin bağlanmasını absurd hesab edirəm. Heç bir məntiqli insan məktəbin bağlanması haqqında düşünə bilməz. “SƏS” kimi qəzetlərin yaşaması çox vacibdir. Çünki “SƏS” qəzeti müstəqil Azərbaycanın tarixidir”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: "Rəşad Məcidin fikirləri onun üçün gözlənilməz olub. Çap mediasının tarixə qovuşması fikri doğru deyil. Dünyanın heç bir ölkəsində çap mediası tarixə qovuşmayıb. Bütün dünyada qəzetləri qoruyub, saxlayırlar. Qəzetlər üzərində iformasiya şəbəkəsini daha da genişləndirirlər. Çap mediasının dövrünün bitməsi ilə bağlı fikirləri mən dünyanın heç bir ölkəsinin rəsmilərinin dilindən eşitməmişəm”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: "İndiki şəraitdə çap mediasının üzləşdiyi çətinliklərə medianın ümumi problemləri kontekstindən yanaşmağın tərəfdarıyam. Bəli, həqiqətən də son illərdə çap mediası ciddi çətinliklərlə üzləşib. Ölkədə yayım şəbəkəsi demək olar ki, sıradan çıxıb. Sosial media, saytlarla rəqabət aparmaq çətinləşib. Amma mənim fikrimcə, bunu əsas tutaraq “qəzetlər oxunmur, onları bağlamaq lazımdır” yanaşmasını ortaya qoymaq doğru deyil. O məntiqlə yanaşsaq, gərək saytları da bağlayaq. Çünki dövlət büdcəsindən 40-a yaxın sayt maliyyələşdirilsə də, ölkədə birbaşa girişi olan saytların sayı barmaqla sayılacaq qədərdir. O girişlərin də çoxu sosial şəbəkələr üzərindədir. Amma bunlar saytların bağlanması qərarını vermək üçün əsas ola bilməz. Əksinə, dövlət və cəmiyyət saytlara mümkün olduğu qədər dəstək verməlidir.

Düşünürəm ki, ümumiyyətlə indiki keçid dövründə ənənəvi media strukturları qorunub saxlanılmalıdır. Həm dövlətimiz, həm də jurnalist təşkilatları bu işdə qəzetlərin yanında olmalıdır. Onsuz da bazar şərtləri ənənəvi qəzetlərin sayını və tirajlarını kəskin şəkildə azaldıb. Heç olmasa, indiyədək varlığını qoruyub saxlayan qəzetlərin yaşadılması üçün dəstək göstərilməlidir. Qəzetlərin problemləri öyrənilməli, onlara dəstək üçün hansı addımların atılmalı olduğu dəqiqləşdirilməlidir. Bir məqama da diqqət edilməlidir ki, hələlik dünyanın heç bir ölkəsində “qəzetlər oxunmur, bağlayaq” qərarı verilməyib. Hətta Afrika ölkələrində belə qəzetlər çap olunur. Belə olan halda, Azərbaycanın bu işdə birincilərdən olması heç də ürəkaçan fakt olmazdı".

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: "Vəziyyətin səbəbləri illər ərzində sistemli şəkildə yığılıb. Onun sözlərinə görə, səbəblər müxtəlifdir:

1. Kontentin gücsüzləşməsi: "Oxucu xəbəri daha tez, daha rahat və pulsuz şəkildə internetdən əldə edir. Qəzet isə çox hallarda təkrara çevrilib və fikir dərinliyi zəifləyib".

2. Yayım və çatdırılma sisteminin çökməsi: "Köşk şəbəkəsinin dağılması, abunə sisteminin geriləməsi, regionlara çatdırılmanın çətinləşməsi tirajın azalmasına səbəb olub".

3. Texniki və vizual gerilik: "Qəzetlərin dizaynı, kağız keyfiyyəti, səhifə sayı və ümumi vizual görüntüsü müasir oxucunun gözləntilərinə cavab vermir".

4. Peşəkar kadr axını: "Təcrübəli jurnalistlər daha yüksək qazanc və daha dinamik iş mühiti olan onlayn platformalara keçiblər. Qəzetlər redaksiya potensialını mərhələli şəkildə itirib. Bu gün Azərbaycan informasiya məkanının dərinləşməsi, cəmiyyətin intellektual müzakirə mədəniyyətinin qorunması, ictimai yaddaşın formalaşması üçün çap media lazımdır və qalmalıdır. Qəzetin bağlanması sadəcə bir media vahidinin yox olması deyil, düşüncə mədəniyyətinin zəifləməsidir. Qəzet ölməyib. O, sadəcə yenidən doğulmağa ehtiyac duyur”.

Müəllif: İlkin Məmmədkərimov