“Böyük Zəfərimizin beş ilini millətimiz, dünyanın hər bir yerində yaşayan azərbaycanlılar və dostlarımız sevinclə qeyd edirlər. Bu günün sevincinə sevinc qatan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son beş il ərzində görülən işlərdir. İşğaldan azad edilmiş ərazilərimizdə cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ideyaları və rəhbərliyi ilə ən yeni Azərbaycan qurulur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
Deputat bildirib ki, görülən işlərlə bağlı cildlərlə kitab yazmaq olar: “Heç bir xarici yardım olmadan dövlət büdcəsi hesabına ərazilərimizdə aparılan tikinti-quruculuq işləri cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə maliyyə-iqtisadi siyasətin düzgünlüyünü göstərir. Ötən illərdə işğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat sistemi sıfırdan yenidən qurulub, üç hava limanı istifadəyə verilib. Füzuli, Zəngilan və Laçın hava limanları qısa müddət ərzində istifadəyə verilib və tarixə inanılmaz bir uğurla keçib. İşğaldan azad edilən ərazilərimizdə su elektrik stansiyaları, yaşıl enerji istifadəyə verilib. Həmin ərazilərdə yeni şəhərlər, qəsəbələr və kəndlər salınıb. Müasir infrastrukturu olan həmin yaşayış məntəqələrinə qısa müddət ərzində keçmiş məcburi köçkün qardaş-bacılarımız dövlət büdcəsi hesabına köçürülüblər. Yeni iş yerləri yaradılıb, aqrar sahədə böyük işlərə başlanılıb. İşğaldan azad edilmiş ərazilərimizə Azərbaycan elm və təhsili qayıdıb. Qarabağ Universitetinin yaradılması və tələbələrinin sayının ildən-ilə artması fəxr ediləsi haldır. Bu gün işğaldan azad edilmiş rayonların hamısına insanlar qayıdıblar. Həmin ərazilərə mədəniyyətimiz qayıdıb. Beş il millətimizin dünya mədəniyyəti yaradan, qurucu olduğunu bir daha sübut etdi.
İşğaldan azad edilmiş ərazilərə səfər edənlər işğal illərindəki vəhşiliyi və işğaldan azad edildikdən sonra quruculuğu görürlər. Bu isə fərqi aydın şəkildə göstərir. İşğaldan azad edilmiş ərazilərimizdə sanatoriyalar tikilir. Bundan əlavə Şuşa, Xankəndi beynəlxalq toplantıların keçirildiyi məkana çevrilib. Həmin ərazilərə bizim mənəvi-ruhani dəyərlərimiz qayıdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun hesabına dağıdılmış məscidlərimiz yenidən qurulur və bir çox yerlərdə təzələri tikilir. Buna görə Böyük Zəfərin beş ilini millətimiz böyük fəxrlə bayram edir. Bu zəfəri millətimizə bəxş edən şəhidlərimizə Allah rəhmət eləsin”.