“Konstitusiya və Suverenlik” mövzusunda dəyirmi masa təşkil olunub

5 Noyabr 2025 13:44 (UTC+04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Konstitusiya və Suverenlik İli” ilə bağlı dəyirmi masa təşkil olunub. SİA xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Mərkəzin əsas məqsədinin Azərbaycanın elm və media məkanında beynəlxalq münasibətlər sahəsində ekspert potensialının inkişafına dəstək göstərmək, bu istiqamətdə qarşılıqlı əlaqələri gücləndirmək olduğunu söyləyib.

“Biz müxtəlif universitetlərlə əməkdaşlıq edərək tələbələrin və gənc tədqiqatçıların iştirakı ilə layihələr həyata keçiririk. Gənclərin inkişafının və elmi potensialının gücləndirilməsi istiqamətində bu kimi müsabiqələr davamlı olacaq”, – deyə Fərid Şəfiyev əlavə edib.

O qeyd edib ki, bu il Konstitusiya Gününün qeyd olunması xüsusi rəmzi məna daşıyır. “Otuz il əvvəl qəbul olunan Konstitusiyamız bu gün artıq Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində yaşayır. Artıq iki ildir ki, ölkəmizin bütün suveren əraziləri dövlət nəzarətindədir. Bu, həm siyasi, həm də mənəvi baxımdan mühüm hadisədir”, – deyə Fərid Şəfiyev diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Mərkəzin şöbə müdiri Vasif Hüseynov bildirib ki, Konstitusiya Azərbaycanın dövlətçiliyinin əsas sütunlarından biridir və Dövlət Bayrağı, müstəqillik və suverenlik anlayışlarını əbədiləşdirən mühüm hüquqi sənəddir. O qeyd edib ki, 1918-ci ildə əsası qoyulan Azərbaycan dövlətçiliyi uzun illər ərzində müxtəlif sınaqlardan keçsə də, xalqın müstəqillik arzusu 1991-ci ildə reallaşdı.

Vasif Hüseynov deyib ki, ötən 35 il ərzində Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindən biri 44 günlük Vətən müharibəsində qazanılan Qələbədir. Bu Zəfər nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Tədbirin sonunda “Konstitusiya və Suverenlik” mövzusunda keçirilən müsabiqədə qalib gələn tələbələrə mükafatlar təqdim edilib.