Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib - YENİLƏNİB/FOTOLAR

5 Noyabr 2025 12:03 (UTC+04:00)

Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ağalı kəndində Heydər Əliyevin büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Zəngilan Konqres Mərkəzində konfrans keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev tədbiri açaraq, Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, beynəlxalq hüququn və ədalətin qələbəsini təmin edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz bərpa olunub, dövlət suverenliyimiz tam təmin edilib.

Kamran Əliyev, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətən müharibəsi və sonrakı bərpa–quruculuq dövründə göstərdiyi humanitar və mənəvi liderlik fəaliyyətini yüksək dəyərləndirib. O, Birinci vitse-prezidentin qayğısı sayəsində şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş insanlara göstərilən dəstəyin dövlətimizin sosial ədalət siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Baş prokuror çıxışında işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquqi sistemin bərpası və qanunçuluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb, bu sahədə qarşıda duran prioritet vəzifələri diqqətə çatdırıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, qısa müddətdə müasir infrastrukturun qurulduğunu qeyd edib. O, Zəngilan rayonunda keçirilən bu kimi tədbirlərin Zəfərin ideoloji dəyərlərinin gənc nəslə ötürülməsinə xidmət etdiyini vurğulayıb.

Azərbaycanın Hərbi prokuroru, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə hərbi prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirlərindən danışıb, dövlətin müdafiə qabiliyyətinin və hərbi intizamın qorunmasında prokurorluğun mühüm rolunu qeyd edib.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov hərbi sahədə şəffaflıq və qanunçuluğun təmin edilməsi istiqamətində görülən tədbirləri, həmçinin Baş Prokurorluqla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təmin edilməsində əldə olunan uğurlardan, azad edilmiş sərhəd bölgələrində yaradılan yeni infrastrukturdan və xidmət şəraitindən söz açıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Qarabağ Zəfərinin həm siyasi, həm mənəvi, həm də hüquqi qələbə olduğunu vurğulayıb, ölkəmizin regionda sülhün və sabitliyin təminatçısına çevrildiyini qeyd edib.

Zəngilan rayonunun prokuroru Qibləli Kərimov isə rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə strukturları ilə koordinasiya və qanunçuluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.

Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən “Qarabağ Azərbaycandır!” kitabının II cildinin təqdimatı keçirilib. Təqdimatda iştirakçılara məlumat verilib ki, kitabın yeni nəşri Vətən müharibəsi dövründə və sonrakı bərpa mərhələsində hüquq-mühafizə orqanlarının fəaliyyətini, ədalətin bərpası istiqamətində görülmüş işləri və beynəlxalq hüququn tətbiqi məsələlərini əhatəli şəkildə təqdim edir. Kitabda, həmçinin işğaldan azad edilmiş ərazilərdə dövlətçilik, hüquq və təhlükəsizlik sahəsində həyata keçirilmiş tədbirlər, müharibə zamanı və sonrasında prokurorluq orqanlarının hüquqi nəzarət tədbirləri barədə geniş məlumatlar yer alıb. Təqdimat zamanı tədbir iştirakçılarının bir qisminə kitabın nüsxələri hədiyyə olunub.

Sonra Zəfərin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, müzakirələr aparılıb və xatirə şəkli çəkdirilib.

Daha sonra Zəngilan Konqres Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib.