“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.
Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Qishamer, onun köməkçiləri Roland Ridel və Santino Şrayner olacaqlar. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək.
Bu, komandaların 3-cü dueli olacaq. Əvvəlki 2 oyun da Çempionlar Liqasına təsadüf edib. Komandalar 2017-2018-ci illər mövsümündə qrup mərhələsində üz-üzə gəliblər. Hər iki qarşılaşma London klubunun xeyrinə başa çatıb.
Qeyd edək ki, ilk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində “Qarabağ” 13-cü, “Çelsi” isə 11-ci pillədə qərarlaşıb.