Çin–Mərkəzi Asiya və Çin–Avropa marşrutları üzrə dəmir yolu tranzitinin avtomatlaşdırılması üzrə pilot layihə çərçivəsində bu ilin ilk on ayında 2,5 milyon ton yük daşınıb. SİA “Kazinform”a istinadla xəbər verir ki, həmin dövrdə Çindən Qazaxıstan ərazisindən Avrasiya İqtisadi İttifaqı, Avropa və Mərkəzi Asiya ölkələrinə dəmir yolu ilə tranzit yük daşımalarında müsbət dinamika müşahidə olunub.
Çindən dəmir yolu ilə idxal edilən tranzit malların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 11,04 milyon ton təşkil edib.
Dəmir yolu tranzitinin avtomatlaşdırılması üzrə pilot layihəyə 2023-cü ilin dekabrında start verilib. Layihə Çin–Mərkəzi Asiya və Çin–Avropa marşrutları üzrə hərəkət edən yüklər üçün tranzit bəyannamələrinin avtomatik təqdim edilməsi və rəsmiləşdirilməsini nəzərdə tutur.
Layihənin həyata keçirilməsi şəffaflığın artırılmasına, gömrük prosedurlarının sadələşdirilib sürətləndirilməsinə, eləcə də tranzit marşrutları boyunca qatar hərəkətinin optimallaşdırılmasına xidmət edir.
Nəticədə bir konteyner qatarının gömrük rəsmiləşdirilməsi müddəti 3 saatdan 30 dəqiqəyə endirilib.