Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edir.
Azərbaycan Prezidentinin tapşırığı ilə sammitdə ölkəmizi Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Səhərsalma və Arxitektura Komitəsinin sədri, Qətər Dövlətindəki səfir, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, və Xarici işlər nazirlyinin məsul vəzifəli şəxsləri daxildir. 2030 Dayanaqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilə də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan Sammitin ilk günündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.
Baş nazirin müavini S.Şərifov Dünya Sosial Sammitinin plenar iclasında çıxış edib. Çıxışda o, Azərbaycanda Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası barədə məlumat verib, sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa yaxından qoşulduğunu, bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə və humanitar sahədə yardım göstərdiyini bildirib. O, həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusi yaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv göstərilməsində Azərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə və həmin ölkələrə yardım göstərilməsini davam etdirməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlim Konfransı (COP29) çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafına dair Bakı Rəhbər Prinsiplərinin qəbul edildiyini qeyd edərək 2026-cı ildə Bakıda həmin prinsiplərin gercəkləşdirilməsi məqsədilə 13-cü Ümumdünya Şəhərsalma Forumunun və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illlik sessiyasının keçirilməsinə Azərbaycanın ev sahibliyi edəcəyini bildirib.
Sonda S.Şərifov Azərbaycanın yenicə qəbul edilmiş Doha Siyasi Bəyannaməsinin və cari ilin iyulunda qəbul edilmiş İnkişaf üçün Maliyyələşdirmə üzrə Sevilya Bəyannaməsindən irəli gələn öhdəliklərin beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilməsinə Azərbaycanın sadiqliyini, ona müvafiq dəstəyin göstərilməsini davam edəcəyini bir daha təsdiqləyib.
Azərbaycan nümayəndə heyəti sammit çərçivəsində keçirilmiş “Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında, “Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək və sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada, eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak etib.
İkinci Dünya Sosial Sammiti noyabrın 6-dək davam edəcək.
İlk Dünya Sosial Sammiti 30 il əvvəl Danimkaranın paytaxtı Kopenhagendə keçirilib və Sosial İnkişaf üzrrə Kopenhagen Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşıb.