Keniyada Azərbaycanın Zəfər Günü qeyd olunub

4 Noyabr 2025 18:40 (UTC+04:00)

Keniyanın paytaxtı Nayrobi şəhərində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə tədbir keçirilib.

SİA-nın məlumatına görə, Azərbaycanın Keniyadakı səfirliyindən bildirilib ki, tədbirdə Keniyanın Xarici və Diaspor Nazirliyinin idarə rəisi və diplomatik akademiyasının rektoru, Nayrobidəki bir sıra diplomatik missiyaların rəhbərləri, BMT qurumlarının təmsilçiləri, Keniya Prezidentinin qızı, gənclər çempionu Şarlin Ruto, Keniyada səfərdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ANAMA-nın nümayəndə heyətləri, habelə yerli ictimaiyyətin, işgüzar dairələrin nümayəndələri, bu ölkədə çalışan azərbaycanlılar iştirak ediblər.

Səfir Sultan Hacıyev çıxışında 8 Noyabr - Zəfər Günü ilə bağlı fikirlərini bölüşərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəmizin tarixi əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, Zəfər Günü Azərbaycan tarixinə müdrik siyasi rəhbərliyin, uzaqgörən hərbi strategiyanın təntənəsi və xalqımızın yenilməz gücünün, qəhrəmanlığının rəmzi kimi daxil olub. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan işlərə diqqət və qayğısı Qarabağa və Şərqi Zəngəzura qısa müddətdə yeni həyat bəxş edib.

Diplomat Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün aparılan danışıqlara da toxunub, avqust ayında Vaşinqtonda əldə edilmiş razılaşmaların sülh danışıqlarının həlledici mərhələsi olduğunu vurğulayıb. Bildirib ki, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, qarşılıqlı etimad, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni nailiyyətlər qazanacaq.

Tədbirdə şanlı Zəfər Gününə, həmçinin ölkəmizin inkişafına həsr edilmiş videoçarxlar nümayiş olunub və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.