Şimali Kiprdə V Manas Forumu keçiriləcək

4 Noyabr 2025 18:38 (UTC+04:00)

Noyabrın 6–8-də Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada “Regional və qlobal proseslər kontekstində türk dünyası” mövzusunda V Manas Forumu keçiriləcək.

SİA xəbər verir ki, forum diplomatik ənənələrlə elmi müzakirələri birləşdirən, dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, beyin mərkəzlərini və media təmsilçilərini bir araya gətirən mühüm platformadır. Tədbirin işində Azərbaycan da fəal şəkildə iştirak edir.

Forumun təşkilatçısı Ankara Sosial Elmlər Universitetidir. Tədbirin tərəfdaş qurumları arasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də yer alır.

Tədbir çərçivəsində 8 ölkədən 90-dan çox elmi məruzə təqdim ediləcək, müxtəlif tematik sessiyalarda Türk dünyasının iqtisadi, siyasi və mədəni istiqamətlərdə birgə inkişaf perspektivləri müzakirə olunacaq.

Forumun məqsədi Türk dünyasının çağdaş beynəlxalq sistemdə qarşılaşdığı imkanlar və çağırışların müzakirəsi, regional əməkdaşlıq və elmi inteqrasiyanın dərinləşdirilməsidir. Forumun Türk dünyası ölkələri arasında akademik əlaqələri gücləndirməsi, mədəni həmrəyliyi möhkəmləndirməsi və regional sabitlik üçün yeni təşəbbüslərə təkan verməsi gözlənilir.