Qurban Qurbanovun Kompani və Naqelsmandan nəyi əskikdir?

4 Noyabr 2025 18:18 (UTC+04:00)

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener AZƏRTAC-ın suallarını cavablandırıb. Sport TV-nin dəvəti ilə Bakıya gələn, Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyunundan əvvəl və sonra efirdə olacaq şərhçi ilə eksklüziv müsahibəni təqdim edirik.

- “Qarabağ”ı avrokuboklarda dəstəklədiyinizi bilirik. Ağdam təmsilçisinin çıxışını necə qiymətləndirirsiniz?

- Çempionlar Liqası təkcə Avropanın yox, dünyanın ən çətin turniridir. Burada Azərbaycan təmsilçisi “Qarabağ” da var. Bu, bizim “Qarabağ”ımızdır. Komanda texniki və taktiki baxımdan çox güclüdür. Qurban Qurbanov kimi mütəxəssis bu komandanın sükanı arxasında olduğu üçün “Qarabağ” daim inkişaf edir. Hər kəs bilir ki, bu komanda asanlıqla məğlub və təslim olmur. Biz bunu “Benfika” və “Kopenhagen”lə oyunlarda gördük. Hətta buna, nəticəyə baxmayaraq, “Atletik”lə (Bilbao) qarşılaşmada da şahid olduq. İspaniya klubuna 1:3 hesabı ilə uduzsalar da, ilk qolu vuranda bütün Avropa “Vay, “Qarabağ”a bax!” dedi. Azərbaycan çempionu digər komandalardan fərqli olaraq, ürəklə, cəsarətlə, ruhla və istəklə oynayır.

- Qurban Qurbanovun başçılıq etdiyi komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gələcək. Oyun haqqında fikirləriniz maraqlıdır...

- İnamdan, qələbə ruhundan danışanda ağıla gələn ilk klub “Qarabağ” olur. Çünki onlar heç vaxt təslim olmurlar. “Çelsi” kimi güclü rəqiblə oynasalar da, vəziyyət dəyişmir. Bir çoxları “zadəganlar”ın çox güclü olduğunu və böyük hesabla qalib gələcəyini düşünür. Amma mən buna inanmıram. Bəli, “Qarabağ” 2017-ci ildə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazananda bu rəqiblə oynamış, səfərdəki matçda 0:6, Bakıda isə 0:4 hesabı ilə məğlub olmuşdu. Amma bu, həmin “Qarabağ” deyil. İndi daha təcrübəli, istəkli və bu işi daha yaxşı bilən bir komanda var. Yenə uduza bilərlər, fərqi yoxdur. Əsas olan odur ki, bu gün “Qarabağ” “Çelsi” ilə oynayır. Bu, artıq qələbədir. London küçələrində, bütün İngiltərədə hamı “Qarabağ”dan danışır. Komanda elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir. “Çelsi” dünyanın ən varlı klublarından biridir. Onlar klublararası dünya çempionatının qalibidirlər. Amma indi deyirlər: “Qarabağ”la oynayacağıq, lakin bu, 2017-ci ildəki komanda deyil. Bu, “Benfika” ilə “Kopenhagen”i məğlub edən, “Atletik”lə (Bilbao) sonadək döyüşən “Qarabağ”dır”.

- “Qarabağ”ın heyətində hansı futbolçuları bəyənirsiniz?

- Bəhlul Mustafazadəni çox bəyənirəm. Elvin Cəfərquliyev də istedadlı futbolçulardandır. Toral Bayramov “Beşiktaş”da rahatlıqla oynaya bilər. Elvini İstanbul klubunda müdafiənin sol cinahına qoy, orada da parlayar.

Bəhlul ilə Elvini mərkəzdə yan-yana oynatsan, əla tandem təşkil edərlər. Bu futbolçular Türkiyənin dörd böyük klubunda oynaya biləcək səviyyədədirlər. “Fənərbağça”nın heyətində Bəhluldan zəif futbolçular var. Mustafazadə bu komandada da öz sözünü deyər. Elvin solda aslan kimi mübarizə aparır. Əminəm ki, onlar “Beşiktaş” və “Trabzonspor”da da əsas heyətdə oynaya bilərlər. “Qalatasaray”da ehtiyatda qalan oyunçular “Qarabağ”da da əsas heyətə düşə bilməzlər. “Köhlən atlar” bu gün Avropada öz sözünü deyir — üç oyundan ikisini qazanıb, birində məğlub olsa da, meydanda sonadək döyüşüb. “Qarabağ”ın indiki heyəti bir çox Superliqa komandasından daha keyfiyyətlidir. “Qarabağ – “Qalatasaray” oyunu mənim üçün kralın başqa bir kralla qarşılaşması kimidir. Hər ikisi bizim komandamızdır. İstanbulda “Qalatasaray”, Bakıda isə “Qarabağ” qalib gələr. “Fənərbağça” ilə Bakıda oynasalar, uduzmazlar.

- Qurban Qurbaov barədə təəssüratlarınız necədir?

- Qurban Qurbanovun Türkiyədə yox, Avropada klub çalışdırmasını istəyirəm. O, “Qarabağ”dakı missiyasını tamamladıqdan sonra İngiltərədə, İspaniyada, İtaliyada, Fransada, Almaniyada işləməlidir. “Aston Villa”, “Atletiko”, “Marsel”, “Yuventus” və ya “Borussiya” (Dortmund) kimi klublarda çalışa bilər. Onun Vensan Kompanidən Yuliyan Naqelsmandan nəyi əskikdir? Əksinə, üstün tərəfləri daha çoxdur.

- “Neftçi” vaxtilə “Beşiktaş”da oynamış Vensan Abubakarı transfer edib. Kamerunlu ulduzun keçidi “ağ-qaralar”a nə kimi fayda verər?

- Abubakar “Neftçi”yə çox yaxşı uyğunlaşdı. O, Azərbaycan xalqının səmimiliyini, ona göstərilən diqqəti hiss etdi. Hava Limanından başlayaraq hər kəs ona sevgi göstərdi. Azarkeşlər sanki ona belə dedi: “Çətin vəziyyətdəsən, amma biz sənin yanındayıq. Enerjini göstər, meydanda hər şeyini ver, qalanını biz həll edərik.” Abubakar da bu mesajı aldı. İnanıram ki, o, daha böyük yerlərə çatacaq. Çünki çox güclü və xarakterli futbolçudur. Düşünürəm ki, Türkiyə və Azərbaycan arasında futbolçu mübadiləsində yeni sistem qurulmalıdır. Hər iki ölkənin futbolçuları bir-birinin çempionatında oynamalıdır. Məsələn, Nəriman Axundzadə, Bəhlul Mustafazadə, Toral Bayramov kimi potensiallı futbolçular bizim liqada çıxış etməlidirlər. Ağdam təmsilçisinin heyətində Leandro Andrade da çox bəyəndiyim futbolçulardan biridir. O, “Beşiktaş” və ya “Fənərbağça”da layiqli mübarizə aparar.

- Azərbaycan millisi barədə nə deyə bilərsiniz?

- Açığı, mən Azərbaycan millisinin sükanı arxasında əcnəbi məşqçi görmək istəmirəm. Bundan əvvəlki baş məşqçi Fernandu Santuş Qurban Qurbanovdan zəifdir. Azərbaycan bir Qurban Qurbanov daha tapmalıdır. Mütləq ölkənizdə elə mütəxəssislər var. Mən indi Qurban Qurbanovun özündən yox, onun kimi səviyyəli məşqçidən danışıram. Milli komandaya məhz belə biri lazımdır. Bu qədər istedadlı futbolçular varkən, Azərbaycan millisinin uğursuz olması mümkün deyil. Sadəcə, bəzi texniki səhvlər aradan qalxmalıdır. İnanıram ki, milli komanda da tezliklə Avropada öz sözünü deyəcək. Arzum budur ki, bir gün Türkiyə ilə Azərbaycan çiyin-çiyinə Avropa çempionatına getsin, birgə mübarizə aparsın. Azərbaycan asanlıqla təslim olmaz. Buna çox inanıram.

- Hazırda “Fənərbağça”da çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Cenk Tosun “Neftçi”də oynamaq istədiyini ifadə edib...

- Cenk Tosunun 34 yaşı olsa da, yaxşı formadadır. O, çox peşəkar və ağıllı futbolçudur. Əlbəttə, “Neftçi”yə gələrsə, Abubakarla birgə komandaya çox böyük faydası dəyər.