AQTA heyvan bazarlarında monitorinqlər aparır - FOTOLAR

4 Noyabr 2025 16:31 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Ölkə ərazisinin xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə epizootoloji nəzarətin gücləndirilməsi haqqında” Qərarına əsasən, oktyabrın 25-dən respublika ərazisində heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarının sahibləri qarşısında bir sıra tələblər irəli sürülüb.

Agentliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında monitorinqlər keçirilir. Monitorinqlər zamanı bazar sahiblərinə metodiki göstərişlər verilir.

Qeyd edək ki, monitorinqlər Şamaxı, Ağsu, Göyçay, Bərdə, Masallı, Kürdəmir və Mingəçevirdə yerləşən heyvan bazarlarında aparılıb. Nəzarət tədbirləri noyabrın 6-dək davam etdiriləcək.