“Vətəndaşlarımızın iqtisadi biliklərinin, daha doğru desək maliyyə savadlılığının artırılması vacibdir. Bu istiqamətdə də birmənalı şəkildə yerli proqramların həyata keçirilməsinə və imkanlarının genişləndirilməsinə ehtiyac var. Etiraf etmək lazımdır ki, son illər həm maliyyə savadlılığında, həm də iqtisadi biliklərdə artımlar var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, praktiki olaraq maliyyə savadlılığının artması da iqtisadi xəbərlərin izlənməsi ilə özünü göstərir: “Belə ki, vətəndaşlarımız əvvəlki il ilə müqayisədə iqtisadi xəbərləri daha yaxından izləyirlər. Eyni zamanda bu, iqtisadi şərhlərin oxunmasında da özünü göstərir. Amma bununla yanaşı, iqtisadi biliklərin və maliyyə savadlılığının daha da genişləndirilməsinə və dəstəklənməsinə ehtiyac var. Uyğun dövlət qurumları tərəfindən bu istiqamətdə daha çox proqramların həyata keçirilməsinə ehtiyac duyulur ki, biz vətəndaşlarımızın maliyyə savadlılığı və iqtisadi biliklərinin daha da yüksəldiyini müşahidə edə bilək.
Maliyyə savadlılığı bu günün sürətlə inkişaf edən iqtisadi mühitində hər bir fərd üçün vacib bacarıqlardan biridir. Gəlir və xərclərin idarə olunması, büdcə planlaması, qənaət, investisiya və kreditlərlə bağlı düzgün qərar vermək insanların maddi rifahının əsasını təşkil edir. Buna görə də bu istiqamətdə maarifləndirmə işlərinin artırılması vacibdir”.