"Xarici dəstəyə güvənlə hakimiyyət olmaz" - MÜNASİBƏT BİLDİRİLDİ

4 Noyabr 2025 15:26 (UTC+04:00)

"AXCP və Müsavat çox təəssüf ki, 90-cı illərin əvvəllərində qalmış və bir addım da irəli getməmiş insanların toplaşdığı partiyalardır". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, düşmənçilikdən güc alan, düşmənçilik təbliğatı aparan, öz həmvətənlərinə qarşı kin və qəzəb bildirməkdən çəkinməyən liderlər çox təəssüf ki, son 30 ildə dəyişə bilməyiblər. Zorakı vasitələrlə hakimiyyətə gəlmiş və qısa müddətdə səriştəsizlikləri, bacarıqsızlıqları, savaşsızlıqları ucbatından hakimiyyəti təhvil vermək məcburiyyətində qalan bu insanlar yenə də ümidlərini zorakılığa bağlaya bilirlər. Bəlkə də “qaytardılar” ümidilə yaşayırlar. Anlamaq istəmirlər ki, şərait dəyişib.

Siyasət insanlara ümid vermək, insanları inandırmaq sənətidir və ortaya real bir şey qoymasan, insanlar sənin həqiqətən də sabahkı, bacarıqlı, güclü siyasi lider olduğuna inanmasalar, sənin arxanca gəlməyəcəklər və gəlmədilər. Onda ümid qalır xaricdən dəstək almağa. Xarici qüvvələrə güvənib hakimiyyəti ələ keçirməyə cəhd göstərə bilirlər. Çox təəssüf edirəm ki, həm AXCP, həm də Müsavat xalqdan daha çox xarici qüvvələrə ümid edən, güvənən partiyalardır və anlamırlar ki, onların bu düşüncələri, bu istiqamətdə atdıqları addımlar heç bir nəticə verməyəcək.

İnanıram ki, siyasi partiyalara qarşı heç bir mübarizə olmamalıdır. Qanunun tələb etdiyi sayda üzvü olmayan partilər barədə də qanunda nəzərdə tutulan tədbirlər görülməlidir. Onların ləğvi məsələsi də qaldırılmalıdır. Bugün Azərbaycanda 5 min rəsmi üzvü olan partiyaların sayı 26 ola bilməz. 3, 4, 5-dən o yana keçmir və "Siyasi partiyalar" haqqında qanunun tələblərinə cavab verməyən partiyalara güzəşt edilməməlidir. İlk növbədə isə bu, AXCP və Müsavat partiyalarına aiddir".