"8 Noyabr Zəfəri Azərbaycan üçün yalnız hərbi uğur deyil, strateji mərhələdir" - POLİTOLOQ ŞƏRH ETDİ

4 Noyabr 2025 14:16 (UTC+04:00)

"8 Noyabr Zəfəri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin regiondakı strateji mövqeyini köklü şəkildə dəyişdirdi. Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası anlamına gəlmir; siyasi, hərbi, diplomatik və iqtisadi aspektlərdən Azərbaycanın gücünün təsdiqi kimi dəyərləndirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın davam edən işğalın aradan qaldırılması beynəlxalq hüququn bərpası, tarixi ədalətin təmin olunması və milli kimliyin daha da möhkəmlənməsi deməkdir. Bu gün Azərbaycan Zəfər nəticəsində regionda yalnız iştirakçı deyil, prosesləri yönləndirən və şərtləri diktə edən aparıcı aktora çevrilib: "Geosiyasi baxımdan Zəfər Cənubi Qafqazda yeni güc balansı formalaşdırdı. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə təkcə öz təhlükəsizliyini təmin etmədi, həm də regional güc strukturunu yenilədi. Türkiyə-Azərbaycan strateji ittifaqı daha da gücləndi və regionda yeni təhlükəsizlik arxitekturasının yaranmasına təkan verdi. Bu proses Ermənistanın uzun illər ərzində qurmağa çalışdığı status-kvo siyasətini tamamilə çökdürdü və onu reallıqla barışmağa məcbur etdi. Eyni zamanda Azərbaycan bu qələbə ilə dünyaya göstərdi ki, suverenlik və milli maraqlar uğrunda mübarizədə qətiyyət və iradə həlledici amildir.

Diplomatik müstəvidə isə Azərbaycan həm müharibə dövründə, həm də sonrakı mərhələdə balanslaşdırılmış və çoxvektorlu siyasət yürüdərək beynəlxalq münasibətlərdə nüfuzunu daha da artırdı. Müharibə sonrası reallıqlar fonunda ölkə BMT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər təşkilatlarla əməkdaşlığını gücləndirdi, sülh gündəmini təşviq edən dövlət kimi çıxış etməyə başladı. Bu, Azərbaycanın həm regional, həm də qlobal sistemdə etibarlı və məsuliyyətli tərəfdaş imicini daha da möhkəmləndirdi. İqtisadi müstəvidə Zəfər yeni inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ və Şərqi Zəngəzurda infrastruktur quruculuğu, ağıllı şəhər və kənd konsepsiyaları, logistika və enerji layihələri regionu strateji iqtisadi mərkəzə çevirməyə yönəlib. Həm daxili sərmayə, həm də xarici investisiya üçün geniş imkanlar açılıb. Zəfərin yaratdığı yeni reallıq, Zəngəzur dəhlizinin potensial açılması ilə birlikdə Azərbaycanın tranzit, logistika və enerji mərkəzi statusunu daha da möhkəmləndirir. Bu, ölkənin gələcək iqtisadi dinamizmini təmin edən mühüm amildir. 8 Noyabr Zəfəri Azərbaycan üçün yalnız hərbi uğur deyil, milli dövlətçilik tarixinin strateji mərhələsidir. Bu qələbə həm dövlətin gücünü, həm xalqın birliyini, həm də siyasi rəhbərliyin düzgün və qətiyyətli kursunu təsdiqləyib. Bu gün Zəfər yeni regional düzənin əsas dayağıdır və Azərbaycanın gələcək inkişaf hədəflərinin mühüm ideoloji və praktiki baza rolunu oynayır. Bu reallıqlar onu göstərir ki, Azərbaycan qarşıdakı illərdə də regionda aparıcı rolu qoruyacaq, təhlükəsiz və sabit inkişaf modelini daha da gücləndirəcəkdir".