Antalyada Azərbaycan Mədəniyyət mərkəzlərinin hesabat iclası keçirilir

4 Noyabr 2025 13:58 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində təşkil olunan Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində Azərbaycan Mədəniyyət mərkəzlərinin hesabat iclası keçirilir. SİA xəbər verir ki, iclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, eləcə də xaricdə fəaliyyət göstərən ölkəmizin mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak edirlər.

İclasda mədəniyyət mərkəzlərinin son altı ay ərzində həyata keçirdiyi layihələr, Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planları ətrafında geniş müzakirələr aparılır.

Tədbirdə həmçinin mədəniyyət diplomatiyasının imkanlarının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın daha səmərəli mexanizmlərlə inkişaf etdirilməsi, yeni layihə və təşəbbüslərin koordinasiyalı şəkildə həyata keçirilməsi məsələlərinə toxunulub.

İştirakçılar müxtəlif ölkələrdə mədəniyyətin təbliği sahəsində qarşılaşdıqları təcrübə və çətinlikləri bölüşərək, gələcək fəaliyyətin keyfiyyətinin artırılmasına yönəlmiş təkliflər səsləndiriblər.

Görüşün əsas məqsədi Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması prosesinə yeni nəfəs gətirmək və bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, həmçinin Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.