"Sürüclər haqlı olaraq limit qərarına etiraz edirlər" - EKSPERT RƏYLƏRİ

4 Noyabr 2025 12:45 (UTC+04:00)

“Ölkədə taksi fəaliyyəti ən prioritet mövzulardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Onun sözlərinə görə, bu sistem vaxtaparan bir sistemdir: “Bu sistemin tam effekt verməsi zaman tələb edir. Məsələ burasındadır ki, taksi şirkətlərinin innovativ xidmətlərdən istifadəsinə şərait yaradılmalıdır. Taksi sürücülərinin ödəniş sistemində bank xidmətlərindən istifadəsinə şərait yaradılmalıdır. Taksi sürücülərinin sərnişinlərin taksi sifarişindən imtina halları aradan qaldırılmalıdır. Taksi sürücüsü əgər sərnişinin sifarişindən imtina edərsə, taksi şirkəti sərnişinin ödənişini geri qaytarmalı, belə halları kompensasiya etməlidir. Bütün bunlar yeni infrastruktura təsir edən amillərdir. Müştəri elə bir varlıqdır ki, o istənilən vaxt fikrini dəyişə bilər. Onun fikrinin dəyişməməsinin yeganə həlli komfort və rahatlıqdır. Taksi fəaliyyətinin inkişafına dövlət və özəl sektor tərəfindən investisiyalar yatırılır. 1 Yanvar tarixindən taksilərə 25 min limit qoyulması qərarı təbiiki taksi qiymətlərinin dahada bahalaşmasına səbəb olacaq. Hesab edirəm ki, bu qərar ləğv edilməlidir. Bu qərar ləğv edilməzsə, taksi qiymətlərində bahalaşma qaçılmaz olacaq. Sürüclər də haqlı olaraq limit qərarına etiraz edirlər. Məncə, dövlətin taksi fəaliyyəti ilə bağlı öz strategiyası var. Bu strategiyanın nədən ibarət olduğunu yaxın vaxtlarda görəcəyik” deyə o bildirib.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki, ölkədə taksi fəaliyyətində rəqabətli mühitlə bağlı problem yarandı.

Onun sözlərinə görə, iqtisadi qanuna görə təklif azalırsa, tələb yerində qalırsa, avtomatik olaraq qiymətlər bahalaşır: “Taksi xidmətinin aşırı tənzimlənməsi, bu sahədə olan qaydaların sərtləşməsi taksi qiymətlərinin bahalaşmasına səbəb olur. Ölkədə son 10 ildə ucuzlaşan yeganə sahə taksi sahəsi idi. Hökümətin tənzimlənmə qaydaları sərtləşəndən sonra bu sahədə fəaliyyət göstərənlərin, eyni zamanda avtomobil sayıda azaldı və nəticə etibarı ilə taksi qiymətləri bahalaşdı”.

Müəllif: İlkin Məmmədkərimov