“Vətən müharibəsinin ilk başlanğıcından bəzi qüvvələrin bu müharibənin nəticələri və onun aparılma üsulları ilə bağlı fikirləri həqiqətə uyğun deyildi və qərəzli idi”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, həmin qüvvələrin, xüsusilə radikal siyasi partiyaların münasibətidə müharibənin nəticələri ilə bağlı özünü biruzə verdi: “Müharibənin nəticəsində keçmiş Dağlıq Qarabağın ətrafında 5 rayonun azad olunması və Rusiya sülhməramlılarının ölkədə yerləşdirilməsinə tamamilə başqa don geyindirməyə başladılar. Həmin radikal çevrələr 5 rayonun azad olunmasını və digər rayonların isə hələlik Azərbaycanın suverenliyi altına keçməməsini münaqişənin yarımçıq həlli kimi qələmə verməyə başladılar. Eləcə də Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini artıq Azərbaycandan 30 il əvvəl çıxarılmış rus qoşunlarının yenidən qaytarıılması kimi qələmə verməyə başladılar. Beləliklə də müharibənin ilkin uğurlu nəticələrinə kölgə salmağa çalışırdılar.
Necəki, həmin o radikal müxalifətin 30 il ərzində Qarabağın geri qaytarılması ilə bağlı danışıqlara münasibəti qərəzli, ləkələyici və gözdən salmağa çalışmaq xarakteri daşıyırdı, eləcə də müharibənin nəticəsində Qarabağın işğaldan tam azad olunmasına da onların münasibəti qərəzli və ləkələyici xarakter daşıyırdı. Ancaq tezliklə zaman hər şeyi yerinə qoydu və hər kəs gördü ki, Dağlıq Qarabağ kimi böyük bir problemin həllinə səbrlə, ağılla və ciddi düşünülmüş bir planla yanaşmaq lazımdır. 2020-ci ildə müharibənin ilkin mərhələsi başa çatandan sonra üzərindən 3 il keçdi və Qarabağın yerdə qalan hissəsi tam şəkildə işğaldan azad olundu. Bu bir daha göstərdi ki, böyük siyasətin məntiqi öz sözünü dedi”.
Müəllif: İlkin Məmmədkərimov