“Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2025-ci illə müqayisədə 806 milyon manat artır. Bu, təxminən 5 faiz artım deməkdir və sosial təminat sisteminin genişləndirilməsinə, pensiya və digər sosial ödənişlərin maliyyə sabitliyinin daha da gücləndirilməsinə imkan verir”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən büdcə müzakirələri zamanı Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev bildirib.
Nazirin sözlərinə görə, 2026-cı il büdcəsində mühüm istiqamətlərdən biri də investisiya xərclərinin artırılmasıdır. Belə ki, investisiya proqramlarının ümumi həcmı təxminən 6 milyard manat təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 470 milyon manat çoxdur. Eyni zamanda, növbəti illər üçün də investisiya yönümlü xərclərin yüksələn xətt üzrə davam etdirilməsi nəzərdə tutulur.
Sahil Babayev qeyd edib ki, bölgələrdə iqtisadi aktivliyin artırılması siyasəti çərçivəsində Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərində də artım müşahidə olunur: “Naxçıvan üçün 2026-cı il gəlirləri təxminən 480 milyon manat səviyyəsində müəyyən edilib ki, bu, əvvəlki dövrlə müqayisədə 55 milyon manat və ya 4 faiz artım deməkdir. Bu artım regionların maliyyə dayanıqlığının gücləndirildiyini göstərir”.
Nazir vurğulayıb ki, sosial siyasət və iqtisadi inkişaf prioritetləri paralel şəkildə icra olunacaq və büdcənin strukturu bu hədəfləri təmin edəcək mexanizmləri özündə ehtiva edir.