"Cari xərclərin 88 faizi qeyri-neft gəlirləri hesabına qarşılanacaq" - Sahil Babayev

4 Noyabr 2025 11:36 (UTC+04:00)

“Dövlət büdcəsinin xərcləri 2026-cı il üçün 41,7 milyard manat həcmində proqnozlaşdırılır və bu, cari illə müqayisədə təxminən 300 milyon manat artım deməkdir. 2024-cü ilin faktiki icrası ilə müqayisədə isə artım 11 faiz və ya 4 milyard manat civarındadır. Bu dinamika dövlətin sosial məsuliyyətinin genişləndirilməsi və iqtisadi fəallığın stimullaşdırılmasına yönəlmiş siyasətin davam etdiyini göstərir”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ildə dövlət büdcəsinin cari xərcləri 25,2 milyard manat təşkil edəcək ki, bu da ümumi xərclərin 60,3 faizinə bərabərdir. Onun sözlərinə görə, bu xərclərin 88,1 faizi qeyri-neft gəlirləri hesabına qarşılanacaq və bu, maliyyə dayanıqlığının güclənməsinin mühüm göstəricilərindən biridir.

Sahil Babayev qeyd edib ki, sosial yönümlü xərclər 2026-cı ildə 17,1 milyard manat səviyyəsində nəzərdə tutulur və bu, büdcənin 41,1 faizinə uyğun gəlir. Bu məbləğ 2024-cü illə müqayisədə 2,5 milyard manat, 2023-cü illə müqayisədə isə 213 milyon manat çoxdur: “Son beş ildə sosial xərclər üzrə ümumi artım 4,4 milyard manat və ya 11 faiz təşkil edib. Bu, dövlətin sosial siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir”.

Nazir bildirib ki, təhsil xərcləri 2026-cı il üçün 5 milyard manat olmaqla büdcənin 12 faizini təşkil edir və son illər bu istiqamət üzrə maliyyə təminatı əhəmiyyətli dərəcədə genişlənib. Onun sözlərinə görə, təhsil xərclərinin ÜDM-də payı 3,8 faiz olmaqla dünya ortalamasına uyğun səviyyədədir və bu sahəyə dövlət tərəfindən yüksək prioritet verilir. S. Babayev vurğulayıb ki, sosial müdafiə və sosial təminat xərcləri növbəti ildə 4,9 milyard manat həcmində proqnozlaşdırılır. İcmal büdcə çərçivəsində isə bu rəqəm 7,5 milyard manata qədər yüksələcək və bu istiqamət üzrə artım 9 faiz təşkil edəcək.

Nazir bildirib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa və inkişaf layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək, iqtisadi fəaliyyət üzrə xərclər isə 7,19 milyard manat həcmində olacaq: “İqtisadi və sosial inkişaf paralel şəkildə aparılır, büdcə siyasəti isə bu istiqamətlərin balanslaşdırılmasını təmin edir”. O qeyd edib ki, 2026-cı ildə büdcənin ümumi xərcləri 45 milyard manat səviyyəsində proqnozlaşdırılır və bu artımın əsas hissəsi sosial müdafiə və inkişaf proqramlarının icrasına yönəlir.