Azərbaycan Deflimpiya Komitəsinin mətbuat konfransı keçirilir - FOTOLAR

4 Noyabr 2025 11:16 (UTC+04:00)

Ölkəmizdə inklüziv cəmiyyətin formalaşması istiqamətində görülən işlər son illərdə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan dövləti fiziki məhdudiyyətli şəxslərin bərabər hüquqlarla sosial həyata inteqrasiyasını təmin etmək üçün mühüm addımlar atır. 2023-cü ilin oktyabr ayında Azərbaycan Deflimpiya Komitəsi təsis edilib. Komitənin idarə heyəti beynəlxalq deflimpiya prinsiplərinə uyğun şəkildə formalaşdırılıb və üzvlərinin əksəriyyəti eşitmə məhdudiyyətli şəxslərdir. Komitənin əsas məqsədi ölkədə deflimpiya hərəkatının inkişaf etdirilməsi, eşitmə məhdudiyyətli idmançıların cəmiyyətə inteqrasiyası və idman vasitəsilə reabilitasiyasını təmin etməkdir.

2024-cü ildə Komitənin strukturu və idarə heyəti formalaşmış, müxtəlif idman növləri üzrə fəaliyyət proqramları təsdiqlənmişdir. Həmin ilin avqustundan etibarən Komitə fəal şəkildə işə başlamış, 100-dən çox eşitmə məhdudiyyətli idmançını idman prosesinə cəlb etmişdir.

Həmçinin Komitə fəaliyyət dövrü ərzində Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Güləş Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalamışdır. Bu memorandumların əsas məqsədi idmanın inkişafına dəstək göstərmək, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, eləcə də birgə layihələrin həyata keçirilməsi olmuşdur. Bunların nəticəsi olaraq, qısa müddət ərzində karate, atıcılıq, şahmat və digər sahələrdə beynəlxalq turnirlərdə iştirak təmin olunmuş, idmançılarımız ilk uğurlarını qazanmağa başlamışlar.

2025-ci ilin aprel ayında Komitənin dəvəti ilə Beynəlxalq Karlar İdman Komitəsinin (CISS) Prezidenti cənab Adam Kosa və Avropa Karlar İdman Komitəsinin Prezidenti cənab İosif Stavrakakis Azərbaycana rəsmi səfər etmişlər.

Səfər çərçivəsində qonaqlar ilk olaraq Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmuş, daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev və Milli Paralimpiya Komitəsinin Prezidenti Hidayət Abdullayev ilə görüşlər keçirmişlər.

Görüşlərdə Komitənin ölkəmizdə eşitmə məhdudiyyətli idmançılar üçün yeganə səlahiyyətli qurum kimi tanınması, bu sahədə dövlət dəstəyinin əhəmiyyəti və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Bu səfərin və aparılan danışıqların nəticəsi kimi, 2025-ci il mayın 1-dən Azərbaycan Deflimpiya Komitəsi rəsmi olaraq Beynəlxalq Karlar İdman Komitəsinin (CISS) üzvü qəbul edilmişdir. Bu qərar ölkəmiz üçün tarixi addımdır. Artıq Azərbaycan eşitmə məhdudiyyətli idmançılar üçün beynəlxalq yarışlarda tam hüquqlu iştirakçı kimi çıxış edir. Bununla da ölkəmiz Tokio–2025 Yay Deflimpiya Oyunlarında iştirak hüququ qazanmışdır.

Komandamız bu yarışlarda ilk dəfə 6 idman növündə və ilk dəfə 20 idmançı ilə təmsil olunur. Bu, Azərbaycanın deflimpiya hərəkatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Sevindirici və qürurverici haldır ki, komandamız eyni zamanda ilk dəfə Deflimpiya Oyunlarında 5 xanım idmançı ilə təmsil olunur. Onlardan 3-ü taekvondo, 1-i karate, 1-i isə üzgüçülük üzrə yarışlarda çıxış edəcək.

Bu fakt, qadın idmançılarımızın beynəlxalq arenada fəal iştirakının, onların əzm və peşəkarlığının göstəricisidir. Eyni zamanda bu uğur ölkəmizdə qadınların idmanda rolunun güclənməsinin və gender bərabərliyinə verilən önəmin bariz nümunəsidir.

Komitə təkcə idman sahəsində deyil, kommunikasiya və təhsil istiqamətində də inklüziv mühitin formalaşmasına xüsusi diqqət yetirir. 2024-cü ildə məşqçilər və idmançılar üçün işarət dili üzrə təlimlər təşkil edilmişdir. Təlimlər bir ay davam etmiş, əsas diqqət idman terminologiyasına, ünsiyyət bacarıqlarının artırılmasına və məşq prosesində qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmişdir. Bu təlimlər fiziki hazırlıqla yanaşı, insan münasibətlərində də yeni keyfiyyət mərhələsi yaratmışdır.

May ayında Komitənin beynəlxalq arenada tanınması sürətlə artmağa başladı. 2025-ci ilin iyununda Moldovanın paytaxtı Kişinyovda keçirilən “Chisinau Open Grand Prix” turnirində Azərbaycan Deflimpiya Komitəsinin 6 idmançısı çıxış etmiş, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq ölkəmizə qayıtmışdır. Eyni zamanda, Özbəkistanın Daşkənd şəhərində keçirilən 13-cü Açıq Dünya Şahmat Oyunlarında iki şahmatçımız 3-cü və 4-cü yerlərə layiq görülmüşdür. Bu nailiyyətlər Azərbaycan Deflimpiya Komitəsinin qısa zamanda beynəlxalq səviyyədə tanınan və hörmət qazanan bir quruma çevrildiyini sübut edir.

Komitə beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. 2025-ci ilin avqust ayında nümayəndə heyətimiz ilk dəfə Avropa Karlar İdman Təşkilatının (EDSO) konqresində iştirak etmişdir. Bu tədbir çərçivəsində 2026-cı ilin sentyabrında Azərbaycanda karate üzrə Avropa Çempionatının keçirilməsi barədə rəsmi qərar qəbul olunmuşdur. Bu, ölkəmizdə deflimpiya hərəkatının inkişafı baxımından tarixi hadisə hesab olunur. Bunun ardınca 2027-ci ildə Avropa Komitəsinin Baş Assambleyasının da Azərbaycanda keçirilməsi planlaşdırılır.

Azərbaycan Deflimpiya Komitəsinin uğur hekayəsi yalnız beynəlxalq tanınma ilə məhdudlaşmır. Komitə ölkə daxilində də müxtəlif sosial layihələr həyata keçirir. Məqsəd eşitmə məhdudiyyətli uşaqlar, yeniyetmələr və gənclər arasında idmana marağı artırmaq, onların fiziki və psixoloji inkişafını dəstəkləməkdir. Bunun üçün ixtisaslaşmış məktəblərlə və ictimai birliklərlə sıx əməkdaşlıq qurulub, müxtəlif bölgələrdə yeni idman proqramları hazırlanır.

Qısa bir müddətdə bu qədər böyük nəticələrin əldə olunması təsadüfi deyil. Azərbaycan Deflimpiya Komitəsinin uğuru dövlətin inklüziv siyasətinə, beynəlxalq əməkdaşlığa və idmanın birləşdirici gücünə əsaslanır.

Bu gün Azərbaycan Deflimpiya Komitəsi təkcə idman təşkilatı deyil, həm də eşitmə məhdudiyyətli insanların gücünü, iradəsini və cəmiyyətə qatqısını təmsil edən bir hərəkatdır.