Milli Gənc Tamaşaçılar Teatrında “Ağ ölüm” tamaşası nümayiş olunub - FOTOLAR

4 Noyabr 2025 10:29 (UTC+04:00)

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Vitali Siqarevin “Şeytan ailəsi” əsərinin motivləri əsasında Ayla Osmanovanın quruluşunda hazırlanan “Ağ ölüm” tamaşası nümayiş olunub. Teatrdan SİA-ya bildirilib ki, tamaşa narkomaniyanın cəmiyyətə vurduğu ağır mənəvi və sosial fəsadları səhnə dili ilə təsirli şəkildə təqdim edib.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov narkomaniyaya qarşı mübarizənin cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, sosial fəlakətin qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin, gənclərin düzgün istiqamətləndirilməsinin və ailədə sağlam mühitin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev çıxış edərək belə tədbirlərin gənclər arasında zərərli vərdişlərin təbliğinin qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib və Nizami Rayon Komitəsinə bu təşəbbüs üçün təşəkkürünü bildirib.

Tamaşadan sonra ETİHİ sədrinin müşavirləri Natiq Zamanov, Vüsal Əliyev və Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov səhnəyə qalxaraq Xalq artisti Nübar Novruzova və digər aktyorlara təşəkkürnamə və gül dəstələri təqdim ediblər.