Neft Emalı Zavodunun sahəsində yanğın-taktiki təlim keçirilib - FOTOLAR

3 Noyabr 2025 13:16 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin(FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən SOCAR-ın H. Əliyev adına Neft Emalı Zavodunun Xam neftin qəbulu və nəqli üzrə 1 nömrəli sahəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Bu barədə SİA-ya FHN-nin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı Neft Emalı Zavodunun 1 nömrəli rezervuar parkında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 22 ədəd texnikası və 107 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.