Mərkəzi Gömrük Hospitalı “Medinex 2025” sərgisini ziyarət edib

3 Noyabr 2025 12:43 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalı “Medinex 2025” sərgisində stendini Qazaxıstanın və ərəb tibb müəssisələrinin nümayəndələri ziyarət edib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Baku Expo Mərkəzi”ndə keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”-də öz stendi ilə uğurla iştirak edir. Üç gün davam edən sərgi müddətində Mərkəzi Gömrük Hospitalının stendi çoxsaylı yerli və xarici ziyarətçilərin, səhiyyə mütəxəssislərinin və sahə üzrə tərəfdaş qurumların diqqət mərkəzində olub.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova Hospitalın stendini ziyarət edən Qazaxıstanın “Ümit” Mərkəzinin direktoru Erjan Sayaxmetov və ərəb ölkələrinin aparıcı tibb müəssisələrinin nümayəndələri ilə görüşərək əməkdaşlıq istiqamətləri, innovativ müalicə texnologiyaları və təcrübə mübadiləsi imkanlarını müzakirə edib.
Həmçinin, yerli və xarici ziyarətçilərə hospitalın yüksək ixtisaslı tibbi heyəti, müasir avadanlıqlarla təchiz edilmiş şöbələri, ixtisaslaşmış xidmət sahələri və beynəlxalq standartlara uyğun müalicə imkanları barədə ətraflı məlumat təqdim olunub.
“Medinex 2025” sərgisi Mərkəzi Gömrük Hospitalı üçün innovativ texnologiyalarla tanış olmaq, yeni əməkdaşlıqlar qurmaq və tibbi xidmətlərin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaq baxımından mühüm platforma olub.