Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. SİA olaraq mövcud hava şəraiti ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti: "Payızda mövsümlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur. Ərazidəki şəbəkələr payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir kollektorun müəyyən daşıma həcmi mövcuddur. İntensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilir.
Həmçinin o da məlumdur ki, elə ərazilər var ki, orada təchizat sistemi mövcud deyil. Belə hallarda bu kimi ərazilərdə intensiv yağıntılar zamanı suyun ətrafa toplanması müşahidə edilir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir. Eyni zamanda, hazırda su və tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə ADSEA tərəfindən bir sıra iri həcmli layihələr icra olunur".