Azərbaycan çempionatında mövsümün tamaşaçı rekordu qeydə alınıb

3 Noyabr 2025 12:33 (UTC+04:00)

Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" – "Şamaxı" matçını 5800 tamaşaçı izləyib.

Doğma arenaya qayıdan qərblilər 2:1 hesablı qələbə qazanıb. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" – "Neftçi" matçında (0:2) 3500 izləyici olub.

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.