"Qarabağ bölgəsinin zəngin turizm potensialı onun Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva deyib.

Onun sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış kimi müəyyən edilmişdir: ""Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” hədəf kimi müəyyənləşdirilmişdir. Bu məqsəd çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər nəzərdə tutulmuşdur. Ərazilərdə turizmin inkişafına dair strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının və turistlər üçün zəruri infrastrukturun formalaşdırılması, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, turizm əhəmiyyətli tədbirlərin təşkili, həmçinin marketinq və kommunikasiya fəaliyyətlərinin icrası bu istiqamətlərə daxildir.
Dövlət Turizm Agentliyi tərəfindən Kəlbəcər Turizm İnkişaf Konsepsiyası və Xocavənd Turizm İnkişaf Konsepsiyası hazırlanmışdır. Hazırda Laçın Turizm İnkişaf Konsepsiyası üzərində iş aparılır. Laçın rayonunda Zabuxçay su anbarının ətrafında, eləcə də Tərtər çayı üzərində yerləşən Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun inkişafı ilə bağlı ilkin konseptual layihələr hazırlanmışdır. Şərqi Zəngəzur iqtisadi rayonunda Turizm və Rekreasiya Zonasının yaradılması istiqamətində işlər davam etdirilir.
İnfrastruktur layihələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Tərtər rayonuna səfəri çərçivəsində Suqovuşan qəsəbəsində istirahət parkının açılışı həyata keçirilmişdir. Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Tuğ kəndində və Ağdam rayonunda Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması istiqamətində layihələr icra olunmaqdadır. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə və onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə tanıdılır, marketinq və kommunikasiya fəaliyyətləri həyata keçirilir və beynəlxalq ictimaiyyətə təqdim olunur".