FHN Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada təlim keçirib

3 Noyabr 2025 11:30 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada “Konstitusiya və Süverenlik İli”nə həsr olunan “Məktəblərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda seminar-təlim keçirilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, nazirliyin aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil ocağının kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kollektivə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti “zəlzələ” və “yanğın” zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, toplanış yerində yoxlanılıb və şagirdlərə ilk tibbi və psixoloji yardım göstərilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş verən məktəbdə təxliyə planına uyğun olaraq, şagirdlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkənlər xilas olunaraq onlara ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.