"Xaricdə təhsil alan gənclərin Azərbaycana qayıdışını stimullaşdırmaq üçün yanaşma həm strateji, həm də psixoloji aspektləri nəzərə almalıdır. Real olaraq, bu gün dünyanın müxtəlif ölkələrində təhsil alan minlərlə Azərbaycan gənci var və onların əksəriyyəti qayıtmaq üçün yalnız vətən sevgisini deyil, həm də professional inkişaf imkanlarını, sosial təminatı və sabit gələcək perspektivini nəzərə alır. Ona görə də dövlət və özəl sektor birgə şəkildə rəqabətədavamlı və müasir təşviq mexanizmləri formalaşdırmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, yüksək ixtisaslı mütəxəssislər üçün əmək bazarında rəqabətqabiliyyətli maaşların və şəffaf karyera inkişaf sisteminin yaradılması vacibdir. Xaricdə təhsil görmüş gənclər müasir iş mədəniyyətinə, məsuliyyətə və innovativ düşüncəyə öyrəşiblər, buna görə də geri döndükdə həmin standartları görmək istəyirlər. Şəffaf karyera pillələri, meritokratiya, idarəetmədə çeviklik və bürokratik maneələrin aradan qaldırılması onların qərarına ciddi təsir göstərir: "Bununla yanaşı, qayıdan gənclər üçün xüsusi karyera proqramları və mentorluq sistemləri tətbiq oluna bilər. Məsələn, dövlət qurumlarında və milli şirkətlərdə xarici təhsil və təcrübəyə malik mütəxəssislərin tez bir zamanda rəhbər vəzifələrə yüksəlməsini nəzərdə tutan mexanizmlər, həmçinin ali təhsil və tədqiqat sahəsində qrant proqramları onların biliklərini ölkə üçün faydalı istiqamətlərdə tətbiq etməsinə şərait yaradacaqdır.
Digər mühüm istiqamət innovasiya və startap mühitidir. Xaricdə təhsil alan gənclər dünyanın qabaqcıl innovasiya mərkəzlərində təcrübə qazanırlar və onları ölkəyə cəlb etmək üçün startap kapitalı, vergi güzəştləri, biznes-inkubasiya proqramları və beynəlxalq investorlarla əlaqə imkanları yaradılmalıdır. Onların təşəbbüslərini dəstəkləyən hüquqi, maliyyə və texnoloji mühit formalaşdıqda, Azərbaycanda öz gələcəyini qurmaq daha cəlbedici olur. Bütün bunlarla yanaşı, sosial və mənəvi amillər də nəzərə alınmalıdır. Xaricdə yaşayan gənclər çox zaman öz ölkəsinə bağlılığını hiss etsə də, qayıtdıqda sosial mühitin də inkişaf etmiş olmasını gözləyir: təhlükəsiz və açıq cəmiyyət, şəffaf və effektiv idarəetmə, gənclərin qərar qəbulunda real iştirakı kimi faktorlar motivasiyanı gücləndirir. Gənclərin geri dönüşü yalnız iqtisadi deyil, həm də strateji sərmayədir. Bu proses planlı şəkildə aparıldıqda, xaricdə formalaşmış bilik və təcrübə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər. Dövlət, özəl sektor və akademik dairələrin birgə səyləri ilə belə kadrlara “qayıtmağa dəyər” mesajı verilməlidir. Bu, Azərbaycanın insan kapitalının gücləndirilməsi və qlobal rəqabətə hazır olması üçün ən effektiv yanaşmadır".