“Qarabağ məsələsində artıq heç bir tərəfin xəyal qurmasına ehtiyac yoxdur” - BBP sədri

3 Noyabr 2025 11:06 (UTC+04:00)

“Azərbaycan torpaqları geri alındıqdan sonra bölgədə yeni bir dövr başlanmışdır. Artıq heç bir tərəfin "Qarabağla bağlı xəyal qurmasına" ehtiyac yoxdur və ola da bilməz. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, danışıla biləcək mövzu deyil. Ermənistan bunu qəbul etməli və əldə olunan razılaşmaların bütün müddəalarını tam şəkildə yerinə yetirməlidir". SİA xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırarkən Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.

O bildirib ki, Türkiyə bu məsələdə Azərbaycanla tam həmrəydir: “Türkiyə yalnız Azərbaycanın mövqeyi əsasında hərəkət edir. Azərbaycanın ‘bəli’ demədiyi heç bir məsələdə Türkiyənin Ermənistanla normallaşma prosesinə daxil olması mümkün deyil. Ermənistan Azərbaycanla münasibətlərini tam normallaşdırmadan, Türkiyə ilə münasibətlərin normallaşması da mümkün deyil".

Destici Azərbaycan və Türk dünyasının parçalanmasına səbəb olan tarixi məqamları xatırladıb: “Türk dünyası arasında süni sərhədlər çəkildi, Naxçıvanın Azərbaycanla quru yolu kəsildi. Bu səbəbdən Zəngəzur Dəhlizi bizim üçün sadəcə strateji yol deyil, milli və tarixi əhəmiyyətə malik məsələdir. Sərhədlər bizə dar gəlir. Bu bağlılıq yenidən bərpa olunmalıdır".

BBP rəhbəri bildirib ki, Zəngəzur Dəhlizi Ermənistan üçün də real inkişaf şansı yaradır: “Əgər Ermənistan ağıl və siyasi uzaqgörənlik nümayiş etdirərsə, bu dəhliz onun üçün iqtisadi inkişaf və regional əməkdaşlıq imkanları açacaq. Əks halda, təcrid daha da dərinləşəcək".

Destici beynəlxalq oyunçuların mövqeyinə də toxunub: “ABŞ-ın dəhlizlə bağlı müsbət yanaşması qeyd olunmalıdır, lakin prosesin tək qərarvericisi ola bilməz və olmamalıdır. Zəngəzur Dəhlizi Azərbaycan, Türkiyə, Ermənistan, Çin, Rusiya, İran və digər tərəflər üçün strateji əhəmiyyət daşıyır. Ona görə burada beynəlxalq konsensus formalaşmaqdadır".

Mustafa Destici ümid etdiyini bildirib ki, proses süni şəkildə ləngidilməyəcək: “Nəticə etibarilə, dəhlizin açılması bölgəyə sülh, əməkdaşlıq və ortaq inkişaf gətirəcək. Biz bu prosesin gecikdirilmədən həyata keçirilməsini gözləyirik".