Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə liderlər sırasındadır - Səfir

3 Noyabr 2025 10:15 (UTC+04:00)

Hazırda Ukrayna ali təhsil müəssisələrində 5 mindən çox azərbaycanlı tələbə təhsil alır. SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkədə paylaşımında qeyd edilib.

"Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə liderlər sırasındadır. Ukraynanın Təhsil və Elm Nazirliyinin məlumatına görə, 5 mindən çox azərbaycanlı tələbə ali təhsil almaq üçün Ukrayna universitetlərini seçib", - diplomat bildirib.

O əlavə edib ki, statistik məlumatlara əsasən, Ukraynaya ən çox xarici tələbə Çindən (6 846 nəfər) gəlir. İlk üçlüyə həmçinin Azərbaycan (5 017 tələbə) və Gürcüstan (1 081 nəfər) daxildir. Sonrakı yerlərdə Hindistan (930), Mərakeş (723) və Türkiyə (636) qərarlaşıb.

"Ukraynanın Bakıdakı səfirliyi azərbaycanlı tələbələrə Ukrayna təhsilinə göstərdikləri etimad və marağa görə təşəkkürünü bildirir. Diplomatik missiya "Study in Ukraine" təşəbbüsünün direktoru Yelena Şapovalova və onun komandası ilə birlikdə iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində işləri davam etdirməyi planlaşdırır", - paylaşımda qeyd olunub.