İdmanın stresə qarşı psixoloji faydalarını bilirikmi

3 Noyabr 2025 09:55 (UTC+04:00)

“Aparılan tədqiqatlara görə idmanla mütəmadi məşğul olmaq stres və depressiya hallarına qarşı təsirlidir. İdman etdikdə bədən endorfin ifraz edərək beyində yaranan ağrıları azaldır. Endorfində olan morfin maddəsi isə bədənə yaxşı təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, bu maddə beyin nahiyəsində, onurğada və bədənin digər bölgələrində olur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyev qeyd edib ki, boş vaxtlarda çoxlu idman etməyin aşağıdakı faydaları var:
• Stres səviyyəsini aşağı salır;
• Qayğı və depressiya hisslərini uzaqlaşdırır;
• Özünə inamı yüksəldir;
• Yuxu keyfiyyətinə təsir göstərir;
• Qəlbi gücləndirir;
• İnsanı yüngül və enerjili hiss etdirir;
• Qan təzyiqini aşağı salır;
• Sümükləri gücləndirir;
• Bədən yağını azaltmağa kömək edir;
• Sağlam və gözəl görünməyi təmin edir.

G.Quliyev həmçinin əlavə edib ki, etməkdən zövq aldığımız istənilən fiziki fəaliyyət stres üçün faydalı ola bilər: “Stresdən uzaqlaşmaq üçün sadəcə sənə maraqlı olan idman növünü tapmağın kifayətdir. Məsələn, suda vaxt keçirmək əyləncəlidirsə, onda üzgüçülük və ya avarçəkmə kimi məşqləri yoxlaya bilərsən. İdmana iş kimi yox, əyləncə kimi yanaşmaqla, idman etmək həvəsini daha da artıracaq, zehnini yorucu fikirlərdən azad edəcəksən. Əgər hansı idman növünün sənə daha maraqlı gələcəyini bilmirsənsə, fərqli fəaliyyətləri yoxlamaqdan çəkinmə”.

Afət Tahirqzı