Noyabrın 1-də Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, açılış mərasimində ümumilikdə 79 dövlətin rəsmi nümayəndə heyətləri, o cümlədən 39 ölkənin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.
Tədbirin keçiriləcəyi Gizada muzeyin ətrafındakı küçələr möhtəşəm hadisəyə hazır vəziyyətinə gətirilib. Açılış mərasimində iştirak edəcək ölkələrin bayraqları Misir bayrağı ilə yanaşı yolboyu dalğalanır.
Açılış mərasimi ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görülüb. Muzeyin açıq meydanında yüzlərlə insan açılış mərasimi üçün son məşqlərini aparır. Yolboyu keçidlər bayraqlarla bəzədilib, əsas meydanı gül ətri bürüyüb. Bir sözlə, Qahirə möhtəşəm səhərə hazırlaşır.
Gizada piramidalardan cəmi iki kilometrlik məsafədə yerləşən Böyük Misir Muzeyinin təməli 2002-ci ildə qoyulub. Muzeyin ümumi sahəsi 500 min kvadrat metrə yaxındır. Mədəniyyət müəssisəsində 100 mindən çox tarixi və arxeoloji eksponat saxlanılır. Tarixdə ilk dəfə olaraq firon Tutanxamonun kolleksiyası burada tam şəkildə nümayiş olunur. Misir il ərzində muzeyə 5 milyon ziyarətçinin gələcəyini gözləyir.