“Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir" - Ceyhun Məmmədov

31 Oktyabr 2025 11:14 (UTC+04:00)

“Qarabağın və Şərqi Zəngəzurun daha bir kəndində həyat öz axarına qayıdır. Prezident İlham Əliyevin Cəbrayıl rayonunda məscidin və digər mühüm sosial-infrastruktur obyektlərinin təməlqoyma mərasimlərində iştirakı böyük tarixi əhəmiyyət daşıyır". SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı, ictimai-siyasi xadim, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, işğaldan azad olunmuş torpaqlarda təkcə həyat bərpa olunmur, həm də tarixi və dini irs xüsusi diqqətlə qorunur: “Dini ibadət yerləri sadəcə məscid deyil — onlar həmin torpağın sahibini təsdiqləyən mənəvi möhürdür. Bu gün Qarabağda və Şərqi Zəngəzurda yeni məscidlər inşa olunur, dağıdılmış ibadətgahlar isə bərpa edilir. Bu, dövlət başçısının milli kimliyimizə, dini-mənəvi dəyərlərimizə göstərdiyi yüksək ehtiramın real təzahürüdür”.

O əlavə edib ki, Cəbrayılda yeni inzibati binaların təməlinin qoyulması bölgədə idarəçiliyin və sosial strukturun tam bərpasını sürətləndirəcək: “Tezliklə bu binalar istifadəyə veriləcək və sakinlər öz doğma yerlərində tam normal həyat şəraitinə qovuşacaqlar”.

Deputat həmçinin Şərifbəyli kəndində günəş və külək elektrik stansiyalarının təməlqoyulmasını Qarabağın enerji təhlükəsizliyinin mühüm mərhələsi kimi dəyərləndirib: “Bu layihələr yalnız enerji təminatını deyil, həm də ekoloji baxımdan dayanıqlı inkişafı təmin edəcək. Qarabağ bölgəsi gələcəkdə Azərbaycanın yaşıl enerji mərkəzinə çevriləcək”.

Ceyhun Məmmədov çıxışının sonunda Cəbrayıl sakinləri adından dövlət başçısına minnətdarlığını bildirib: “Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə dünyanın ən müasir və ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Biz bu böyük quruculuğun canlı şahidiyik və bununla qürur duyuruq”.