Azərbaycanda akkreditə olunmuş səfirliklərin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb

31 Oktyabr 2025 09:03 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb. SİA xəbər verir ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirakı edir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olurlar. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi barədə məlumat əldə edir, Ağbənd qəsəbəsi ərazisindəki dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanış olacaqlar.

Nümayəndə heyəti əsas infrastruktur obyektlərinə, o cümlədən Zəngilan rayonunda “Dost Aqropark” heyvandarlıq kompleksi və Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşən Həkəri dəmiryolu stansiyasına baş çəkəcəklər. Zəngilan şəhərindəki yaşayış kompleksi, məktəb və uşaq bağçası binaları, Zəngilan şəhər məscidinə baxış səfər proqramına daxildir.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradacaq.

Qeyd edək ki, bu, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir.