Aparılan danışıqlar nəticəsində atəşkəsin davamı razılaşdırılıb

31 Oktyabr 2025 01:08 (UTC+04:00)

Əldə olunan atəşkəs razılaşmasından sonra Pakistan ilə Əfqanıstanın nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşləri başa çatıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda atəşkəsin davam etdirilməsi barədə razılıq əldə olunub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, Əfqanıstan ilə Pakistan arasında oktyabrın 18-i və 19-da Dohada Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəsin möhkəmləndirilməsi məqsədilə oktyabrın 25–dən 30-dək İstanbulda dörd ölkənin iştirakı ilə görüşlər keçirilib.

Tərəflər atəşkəsin davam etdirilməsi barədə razılığa gəliblər. Atəşkəsin icrasına dair əlavə məsələlər isə noyabrın 6-da İstanbulda keçiriləcək yüksəksəviyyəli görüşdə müzakirə ediləcək və qərara alınacaq.