İsveçdə iqlim risklərinə qarşı mübarizə dayandırılır

31 Oktyabr 2025 05:20 (UTC+04:00)

İsveç hökuməti iqlim uyğunlaşma proqramlarının maliyyələşdirilməsini dayandırdıqdan sonra regional administrasiyaların əksəriyyəti ölkəni təbiət hadisələrindən qorumaq üçün işləri dayandırmaq məcburiyyətində qalıb. SİA xəbər verir ki, “Dagens Nyheter” nəşrinin araşdırması göstərib ki, bu məsələlərlə məşğul olan mütəxəssislərin üçdə ikisi işdən çıxarılıb, onlarla layihə ixtisar edilib.

Ləğv edilmiş təşəbbüslər arasında dik yamaclarda meşələrin qırılması ilə bağlı risklərin xəritələşdirilməsi də var idi ki, ekspertlər onların güclü yağışlar zamanı dağıntı ehtimalını artırdığını qeyd edirlər.

Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və getdikcə daha çox baş verən ekstremal hava hadisələri qarşısında bu cür proqramların kəsilməsi ölkəni daha həssas edir.

“Dagens Nyheter”in məlumatına görə, ölkənin səkkiz bölgəsi iqlim uyğunlaşması üzrə mütəxəssislərdən tamamilə məhrum olunub. Yalnız Yönçöpinq administrasiyası öz vəsaitləri hesabına işini davam etdirə bilib. Bir neçə bölgə isə Avropa İttifaqının vəsaitlərindən məhdud maliyyələşdirmə alıb.

“Dagens Nyheter”ə verdiyi müsahibədə iqlim və ətraf mühit naziri Romina Purmoxtari bildirib ki, administrasiyalar öz prioritetlərinə görə məsuliyyət daşıyırlar və qeyd ediblər ki, maliyyələşdirmə olmadan belə iqlim tədbirləri ilə bağlı mandatları qüvvədə qalır. Bu mövqe müxalifət tərəfindən kəskin reaksiyaya səbəb olub.

“Nazirin nəticələrdən təəccüblənmiş kimi davranması məni son dərəcə qəzəbləndirib”, - deyə Sosial Demokratlar partiyası bildirib.

Yaşıllar Partiyası, həmçinin naziri ikiüzlülükdə ittiham edib və vurğulayıb ki, maliyyələşdirməni kəsərək məsuliyyəti administrasiyaların üzərinə ötürmək ciddi deyil.

Müxalifətin fikrincə hökumətin hərəkətləri sürüşmə, daşqın və quraqlıqdan əziyyət çəkə biləcək hər kəsə xəyanətdir.

Bu arada, İsveçdə ekstremal hava hadisələrinin sayı artmaqdadır. Təkcə Skonedə iki il əvvəl baş verən “Babet” fırtınası sahil zonasına 80 milyon krondan (7,3 milyon dollardan çox) çox ziyan vurmuşdu.