“Porsche” törəmə şirkətinin kursunun bahalı korreksiyası “Volkswagen” şirkətinə üçüncü rübdə sarsıdıcı zərbə vurub ki, bu da 1,3 milyard avro (1,5 milyard dollar) məbləğində əməliyyat zərərlərinə və ABŞ rüsumlarının təzyiqinə əlavə olaraq çoxmilyardlı əlavə xərclərə səbəb olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Volkswagen” “Porsche”nin sentyabr ayında elan edilmiş elektromobillərlə bağlı strategiyasının dəyişdirilməsi nəticəsində 4,7 milyard avro məbləğində zərərə məruz qalıb. “Reuters” agentliyi yazır ki, ABŞ-ın idxal rüsumları və sonralar satış həcminin azalması Avropanın ən böyük avtomobil istehsalçısına bu il 5 milyard avroya başa gələcək.
Rüsumların tətbiqi “Volkswagen”in rəhbəri Oliver Blyuma təzyiqi artırır. O, gələn ilin əvvəlində problemli şöbə olan “Porsche”nin baş direktor vəzifəsini tərk edəcək. O, keçən ay milyardlarla dollar məbləğində zərərə uğradıqları barədə xəbərdarlıq etmişdi. “Porsche”yə “McLaren”in keçmiş rəhbəri Maykl Leyters rəhbərlik edəcək.
Şirkət əlavə xərclərin azaldılması üçün bəzi imkanlar görür, məsələn, qənaət rejiminə keçmək və ya istehsalın böyük hissəsini ABŞ-a köçürmək. “Audi” törəmə şirkəti üçün həmin ölkədə zavod tikintisi ilə bağlı qərarın ilin sonunadək qəbul ediləcəyi gözlənilir.
Səhmlərinin 75,4 faizi “Volkswagen”ə məxsus olan “Porsche” də üçüncü rübdə ciddi zərərlə üzləşib, çünki şirkət hibridlər və daxiliyanma mühərrikləri vasitəsilə istehlakçıları geri qaytarmaq məqsədilə elektromobillərin buraxılışını təxirə salıb.
Blyumun “Porsche”nin baş direktoru vəzifəsindən imtina etmək qərarı investorların hər iki şirkət üçün ciddi çətinliklər dövründə onun eyni anda iki şirkətə rəhbərlik etmək qabiliyyətinə getdikcə daha çox şübhə etməyə başlamasından sonra qəbul edilib.