“Plastik tullantılar müasir dövrün ən ciddi ekoloji problemlərindən biridir. Bu tullantılar torpaqda və suda yüz illərlə qalaraq təkcə təbiətə deyil, həm də kənd təsərrüfatına ciddi ziyan vurur. Onların çətin parçalanması və uzunmüddətli qalığı ətraf mühit üçün təhlükə yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da plastik tullantıların qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir: “Bu tədbirlər əsasən iki istiqamətdə aparılır: plastik tullantıların yığılması və plastik məmulatların, xüsusilə torba və qabların istehsalının məhdudlaşdırılması. Məqsəd həm ətraf mühitin qorunması, həm də insanların sağlamlığının təmin edilməsidir.
Son illərdə görülən tədbirlər nəticəsində yol kənarları, sahələr, dəniz və çay ətrafları əvvəlki illərlə müqayisədə daha təmiz görünür. Bu da öz növbəsində icra strukturlarının, bələdiyyələrin və könüllülərin birgə təşkil etdiyi təmizlik aksiyaları ilə mümkün olmuşdur.
Plastik tullantıların düzgün idarə olunması təkcə ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Çünki təmiz ətraf mühit həm insanların sağlamlığına, həm də ölkənin turizm potensialına müsbət təsir göstərir. Sözügedən problemin qarşısını almaq üçün hər bir vətəndaş məsuliyyətli olmalı, plastik tullantıları ətrafa atmamalı və onların düzgün yığılmasına töhfə verməlidir. Sistemli yanaşma və ictimai iştirakçılıq bu sahədə uğurlu nəticələr əldə etməyə imkan verir”.