"Yeni yollar və sənaye zonaları bölgənin inkişafını daha da sürətləndirəcək" - ŞƏRH EDİLDİ

30 Oktyabr 2025 16:10 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyev vaxtaşırı Qarabağa və Şərqi Zəngəzura səfərlər edir. Bu dəfə Cəbrayıl və Zəngilana həyata keçirilən səfərin Zəfər Günü ərəfəsində — zəfərimizin 5-ci ildönümünə sayılı günlər qalmış baş tutması da rəmzi mənaya malikdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Beş il öncə Azərbaycanın qəhrəman oğulları Vətən torpaqlarını məhz ona görə azad etdilər ki, bu bölgənin əsl sahibləri tezliklə geri qayıtsınlar və öz ocaqlarını yenidən yandırsınlar. Bunun üçün dövlət tərəfindən sürətli bərpa və quruculuq işləri həyata keçirilir. 2003-cü ildə Prezident seçilən İlham Əliyev yaxın illərdə çadır şəhərciklərinin ləğv olunacağını vəd etmişdi və bu vəd reallığa çevrildi. Qaçqın və məcburi köçkünlərin əksəriyyəti yeni evlərlə təmin olundu. Lakin onların ürəyində bir nisgil qalırdı — doğma yurdlarına qayıtmaq arzusu.

Cəbrayıl sakinlərinə mənzillərin təqdim olunması zamanı Prezident bu hissləri xüsusi vurğuladı. Bu gün artıq həmin insanlar çadır şəhərciklərindən öz doğma yurdlarına — müasir infrastrukturla təmin olunmuş ərazilərə qayıdırlar. Prezidentin Cəbrayıl və Zəngilana səfəri zamanı verdiyi bəyanatlar da gələcəyə böyük ümidlər yaradır. Araz və Zəngəzur dəhlizlərinin üzərində yerləşən bu ərazilərdə iqtisadi potensialın artacağı, insanların həyat şəraitinin yaxşılaşacağı gözlənilir. Artıq bu bölgələr böyük tikinti meydançasına çevrilib. Prezident qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır, onların 20 mini keçmiş məcburi köçkünlərdir. Bölgədə təhsil alan tələbələr, çalışan mütəxəssislər və digər vətəndaşlar da bu inkişafın bir hissəsidir.

"Birinci Böyük Qayıdış" proqramına əsasən, 2026-cı ilin sonuna qədər 140 min vətəndaşın öz yurdlarına qayıtması nəzərdə tutulur. Bu, Azərbaycanın öz gücü ilə həyata keçirdiyi Vətən müharibəsi kimi, Böyük Qayıdışın da təkbaşına reallaşdırıldığını göstərir. Erməni vandalizmi nəticəsində dağıdılmış ərazilər bərpa olunur, müasir şəhərlər salınır. 2021-ci ildən bəri bu ərazilərə 19 milyard manatdan çox vəsait ayrılıb. Qarabağ və Şərqi Zəngəzur artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilir. Şuşada “Vaqif Poeziya Günləri”, “Xarıbülbül” festivalı, Ağdamda musiqi tədbirləri və digər mədəni tədbirlər artıq ənənəyə çevrilib. Xankəndidə yerləşən Qarabağ Universitetində 1500-dən çox tələbə təhsil alır. Ağdam–Xankəndi dəmir yolu, yeni yollar və sənaye zonaları bölgənin inkişafını daha da sürətləndirəcək.

Prezident həmçinin vurğuladı ki, bölgəyə köçürülən vətəndaşlar işsiz qalmayacaq, torpaqla təmin olunacaq və təsərrüfat qurmaq imkanı əldə edəcəklər. Ağdamda yeni, 100 min əhalilik şəhər salınacaq və bu şəhərdə genişmiqyaslı iş imkanları yaradılacaq. Qarabağa və Şərqi Zəngəzura qayıdan vətəndaşlarımız üçün bu torpaqlarda yaşamaq həm hüquqdur, həm də məsuliyyətdir. Təbii sərvətləri qorumaq, ağaclara və canlılara zərər verməmək hər bir insanın borcudur. Dövlətimizin və şəhidlərimizin əmanətinə sahib çıxmaq, bu bölgədə sülh şəraitində yalnız xeyirxah əməllərlə yaşamaq bizim əsas vəzifəmizdir".