Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında təmsil olunur

30 Oktyabr 2025 15:28 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, idarəetməsində olan məcmu aktivlərin həcmi 10 trilyon dolları ötən, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) tərəfindən Əbu-Dabi şəhərində təşkil edilən və “Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması”na həsr olunmuş illik iclasda iştirak edir. ARDNF-dan SİA-ya bildirilib ki, sözügedən tədbir Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayidin himayəsi altında, Əbu-Dabi İnvestisiya Təşkilatı (ADIA), Mubadala İnvestisiya Şirkəti və digər strateji tərəfdaş qurumların ev sahibliyi ilə keçirilir.

Forumda qlobal iqtisadi və geosiyasi dəyişikliklərin fonunda suveren fondların uzunmüddətli dəyər yaradan investisiya strategiyalarının müzakirəsinə, dayanıqlı kapital qoyuluşu, texnoloji transformasiya və alternativ aktivlərin inkişafı kimi mövzuların müzakirəsinə həsr olunub. Forum, həmçinin Santyaqo Prinsiplərinin tətbiqinə dair beynəlxalq standartların yeni çağırışlara uyğun təkmilləşdirilməsi və suveren fondların şəffaflıq, hesabatlılıq və məsuliyyətli idarəetmə prinsiplərinə sadiqliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İllik iclas çərçivəsində keçirilən İcraçı Direktorların Forumunda İsrafil Məmmədov çıxış edərək suveren sərvət fondlarının uzunmüddətli dayanıqlılığı və inkişaf imkanlarının formalaşdırılmasında rolu, bu fondların qlobal iqtisadi sistemə təsiri, eləcə də rəqəmsallaşmanın suveren fondların investisiya idarəçiliyində tətbiqi perspektivləri barədə fikirlərini bölüşüb. O, müasir texnoloji innovasiyaların, aktivlərin qorunması və artırılması, həmçinin kapital bazarlarında şəffaflığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARDNF-nin bu iclasda iştirakı Azərbaycanın beynəlxalq maliyyə icmasında etibarlı və məsuliyyətli institusional investor kimi mövqeyini möhkəmləndirir, həmçinin qlobal suveren fondlar arasında dayanıqlı inkişaf və uzunmüddətli kapital qoyuluşu sahəsində formalaşan dialoqa fəal töhfəsini nümayiş etdirir.

SFBF-nin katibliyi London şəhərində yerləşir və 2009-cu ildən etibarən suveren fondlar arasında əməkdaşlığın təşviqi, təcrübə mübadiləsinin gücləndirilməsi və qlobal investisiya idarəçiliyində institusional etimadın artırılması istiqamətində fəaliyyət göstərir. Xatırladaq ki, forumun 14-cü illik iclası 2022-ci ildə ARDNF-nin həmtəşkilatçılığı ilə Bakıda keçirilib və bu tədbir Azərbaycanın suveren fondların qlobal icmasındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirib. 2024-cü ildə Oman Sultanlığının Maskat şəhərində keçirilən illik iclasda isə İsrafil Məmmədov sözügedən forumun İdarə Heyəti sədrinin müavini seçilib.