"Tədris proqramına yalnız qanuni yollarla müdaxilə mümkündür" - MÜNASİBƏT BİLDİRİLDİ

30 Oktyabr 2025 15:03 (UTC+04:00)

"Valideynlərin dərs prosesinə həddindən artıq müdaxiləsi təhsilə mənfi təsir edir. Əslində, mən belə izah edim: tədris prosesinə valideynlər müdaxilə edə bilməz. Çünki tədris proqramı birbaşa Elm və Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərinə verilir və müəllimlər də bu proqram əsasında dərsləri tədris edirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, valideyn yalnız o zaman müdaxilə edə bilər ki, proqram düzgün icra olunmur, dərslər boş keçirilir və ya digər neqativ hallar müşahidə olunur: "Amma əks halda valideyn nə məktəb rəhbərliyindən, nə də müəllimlərdən proqram xaricində hər hansı bir tələb irəli sürə bilməz. Təəssüf ki, real təcrübədə bəzən bəzi valideynlər müdaxilə etməyə çalışırlar. Məsələn, deyirlər ki, bu dərsin yerinə başqa dərs keçilsin və ya bu dərs bizi qane etmir. Lakin məktəb rəhbərliyi və müəllimlər yalnız rəsmi proqrama əsasən dərs keçməyə borcludurlar. Valideynin istəyinə əsaslanaraq proqramdan kənara çıxa bilməzlər. Əgər dərs proqramına uyğunluq pozularsa, valideyn ilk növbədə məktəb rəhbərliyinə, nəticə alınmazsa regional təhsil idarəsinə, Bakıdadırsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və ən sonda Elm və Təhsil Nazirliyinə müraciət edə bilər. Əgər heç bir nəticə əldə olunmasa, valideynin məhkəməyə müraciət etmək hüququ var.

Amma ümumilikdə tədris prosesinə birbaşa müdaxilə etmək hüququ valideynə verilmir. Hətta məktəb rəhbərliyi belə müəllimin tədrisinə proqram çərçivəsində müdaxilə edə bilməz. Valideyn yalnız təklif, fikir və ya arzusunu bildirə bilər. Məktəb rəhbərliyi də uyğun hesab edərsə, bu arzuların reallaşması üçün addım ata bilər. Əlbəttə, arzu olunan odur ki, valideyn övladının təhsilinə laqeyd olmasın. Məsələn, mənim şəxsi fikrim budur ki, əgər hər hansı bir orta ümumtəhsil məktəbində şagirdə nəzərdə tutulmuş tədris proqramı yerinə yetirilmirsə, dərslər boş keçirilirsə, yaxud düzgün tədris olunmursa və bu hallar qanunvericiliyə ziddirsə, təbii ki, valideyn müdaxilə edə bilər. Bu müdaxilə isə şikayət və ya narazılıq formasında olmalı, müvafiq qurumlara müraciətlə həyata keçirilməlidir.

Ən düzgün yanaşma da budur – əgər valideynlər davamlı şəkildə məktəb rəhbərliyi və müəllimlərin fəaliyyətini izləyərsə, bu onların məsuliyyət hissini artırar. Valideynlərin tədris prosesinə aktiv nəzarəti, onların maraqlanması, uşağın nəticələri ilə maraqlanaraq müəllimlə ünsiyyətdə olması nəticə etibarilə məktəbdə tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilər.

Buna "müdaxilə" deyil, daha çox "nəzarət" demək olar. Valideynlər həm övladlarının, həm də müəllimlərin tədris fəaliyyətinə nəzarət etməlidirlər. Mütəmadi olaraq uşağın dərslərini izləməli, müəllimlə ünsiyyət saxlamalı, məktəb rəhbərliyi ilə əlaqə yaradaraq tədris proqramının necə icra olunduğunu soruşmalıdırlar. Əgər problemlər varsa, təkliflərlə çıxış etməlidirlər. Bu yanaşma məktəblərdə tədrisin səviyyəsinin yüksəlməsinə ciddi töhfə verə bilər. Amma birmənalı olaraq valideynin şagirdlərin yanında məktəbdə müəllimə hər hansı bir şəkildə müdaxilə etməsi, müəllimə hörmətsiz yanaşması, müəllimin keçdiyi dərsi şagirdlərin qarşısında tənqid etməsi – məsələn, “sən dərs keçə bilmirsən”, “bu nə dərsdir?”, “belə dərs olar?” kimi ifadələr işlətməsi – tamamilə yolverilməzdir. Bu, bir valideynə, bir Azərbaycan vətəndaşına yaraşmayan hərəkətdir.

Təəssüf ki, bəzən bu kimi hallarla qarşılaşırıq. Valideyn məktəbə gəlib müəllimə qarşı kobud davranır, səsini qaldırır, şagirdlərin qarşısında müəllimi hörmətdən salır. Halbuki valideyn ilk növbədə öz tərbiyəsini nümayiş etdirməli, övladına və onunla birlikdə təhsil alan digər şagirdlərə nümunə olmalıdır. Əgər o, həqiqətən də övladına düzgün tərbiyə vermək istəyirsə, müəllimlə nəzakətli şəkildə danışmalı, istək və təkliflərini də eyni üslubda bildirməlidir. Kobud şəkildə müdaxilə etmək, müəllimi aşağılamaq və ya hörmətdən salmaq Azərbaycan milli mentalitetinə və ümumilikdə cəmiyyətimizin dəyərlərinə tamamilə ziddir. Bu cür davranışlar nə pedaqoji, nə hüquqi, nə də etik baxımdan qəbulolunandır".