DOST modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

30 Oktyabr 2025 15:10 (UTC+04:00)

Son illər ölkəmizdə aparılan sosial islahatların mühüm uğurlarından olan DOST modeli beynəlxalq səviyyədə yüksək qiymət alıb və beynəlxalq mükafatlara, o cümlədən “Avropa üçün yaxşı təcrübə” mükafatlarına layiq görülüb. Moldova, Özbəkistan və Serbiyada DOST təcrübəsinin tətbiqinə xüsusi maraq göstərilir. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə ötən dövrdə DOST Agentliyi və Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, Kəlbəcər DOST məntəqəsi istifadəyə verilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial xidmətlərin “bir pəncərə”dən, müasir, çevik və tam şəffaf mexanizmlərlə təqdim olunmasına imkan yaratdığı vurğulanıb. DOST mərkəzlərində ötən dövrdə 3,9 milyon vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,6 faiz olduğu qeyd edilib.

Hazırda ölkənin bütün regionlarının DOST xidmətləri ilə əhatə edilməsi istiqamətində aparılan işlər diqqətə çatdırılıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyətinə dair hesabatı təqdim edib. İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, qurumun strateji hədəfləri və prioritet məsələlər müzakirə olunub.