“Manual terapiya əllə tətbiq edilən diaqnostik və müalicə üsulları sistemidir. Bu terapiya zamanı həkim xəstənin bədənindəki oynaqlara, əzələlərə bağlara və sinir sisteminə müxtəlif təyziq və hərəkət texnikaları ilə təsir göstərir. Məqsəd hərəkət məhdudluğunu aradan qaldırmaq, ağrını azaltmaq, bədənin balansını bərpa etməkdir. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundan bildirilib.

Qeyd olunub ki, manual terapiya bəzən masajla qarışdırılsa da əslində fərqlidir. Masaj əsasən əzələlərin rahatlaşdırılmasına yönəlir, manual terapiya isə oynaqların və onurğanın düzgün hərəkətini bərpa etməyə yönəlib. Manual terapiya bədənin təbii bərpa gücünə əsaslanır. Həkim bədənin hansı hissəsində hərəkət məhdudiyyəti və ya disbalans olduğunu müəyyən edir və onu əl texnikası ilə müalicə etməyə çalışır. Manual terapiya daha çox aşağıdakı hallarda tövsiyə olunur:

Onurğa və boyun problemləri;
Boyun, bel və kürək ağrıları;
Onurğa əyrilikləri (skolioz, kifoz). Disk yırtığı (yüngül və orta dərəcələrdə);
Servikogen baş ağrıları (boyun mənşəli baş ağrısı). Onurğa hərəkət məhdudiyyəti;
Əzələ və yumşaq toxuma gərginlikləri;
Əzələ spazmları, gərginlik və sərtlik;
Fibromialgiya sindromu;
Travmadan və ya uzunmüddətli oturaq həyat tərzindən yaranan əzələ disbalansı.
Manual terapiya, əslində, demək olar ki, bütün yaş qruplarına tətbiq oluna bilər, amma seçim və üsul yaşdan, sağlamlıq vəziyyətindən və problemin xarakterindən asılı olaraq dəyişir. Uşaqlar və yeniyetmələrə (5–17 yaş) tətbiq oluna bilər, amma çox yumşaq, yüngül texnikalarla olmalıdır. Daha çox skolioz, duruş pozğunluğu, böyümə dövründə onurğa gərginliyi, idman zədələri zamanı tətbiq olunur. Uşaqlara manipulyasiya (sərt “çıxartma” texnikaları) tətbiq edilmir. Yetkinlər 18–60 yaşa qədər manual terapiyanın ən geniş tətbiq olunduğu qrupdur. Boyun, bel, kürək ağrıları, əzələ gərginlikləri, oturaq həyat tərzi ilə bağlı pozğunluqlar və idman zədələri üçün çox effektlidir. Həm mobilizasiya, həm də manipulyasiya (sürətli, dəqiq hərəkətlə “blok açılması”) üsulları tətbiq oluna bilər, amma çox diqqətli şəkildə və yalnız həkim icazəsi ilə. Osteoporoz, oynaq degenerasiyası, damar problemləri və yüksək təzyiq kimi hallar diqqətlə nəzərə alınır. Bu yaşda əsas məqsəd ağrını azaltmaq, hərəkəti qorumaq və qan dövranını yaxşılaşdırmaqdır. Yumşaq manual texnikalar, dartılma (traksion) və əzələ gevşətmə üsulları üstünlük təşkil edir.

Manual terapiya bel, boyun və onurğa problemlərində əzələləri gevşədərək, oynaqlardakı blokları açır, sinir sıxılmasını azaldır və qan dövranını yaxşılaşdırır. Nəticədə ağrı azalır, hərəkət bərpa olunur və duruş normallaşır. Ən çox bel və boyun ağrısı, yüngül disk yırtığı və duruş pozğunluqlarında tətbiq edilir, lakin kəskin yırtıq və osteoporozda tətbiq olunmur.
Manual terapiyanın faydaları adətən ilk 1–3 seansdan sonra hiss olunur. Yüngül hallarda (əzələ gərginliyi, duruş pozğunluğu) — rahatlama və ağrının azalması ilk seansdan sonra mümkündür. Xroniki və ya yırtıqlı hallarda isə təsir adətən 3–6 seansdan sonra daha aydın görünür. Tam və qalıcı nəticə üçün müalicə kurs şəklində (5–10 seans) aparılır və evdə düzgün hərəkət rejimi ilə dəstəklənməlidir.