"Qida tələbatı yaşa görə fərqlənir" - EKSPERT AÇIQLADI

30 Oktyabr 2025 14:31 (UTC+04:00)

"Bu gün qidalanma məsələsinə yanaşarkən insanların yaşına, həyat tərzinə və fiziki aktivliyinə uyğun fərqli tələbləri nəzərə almaq vacibdir. Çünki hər bir yaş dövrü orqanizmdə gedən dəyişikliklər, inkişaf və ya zəifləmə prosesləri ilə xarakterizə olunur". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, buna görə də uşaqlar, gənclər və yaşlı insanlar üçün qida tələbatı eyni deyil və onların rasionunun düzgün qurulması sağlamlığın qorunmasında mühüm rol oynayır: "Uşaqlar daha çox enerji sərf etdikləri və bədənləri sürətlə inkişaf etdiyi üçün onların qidası həm yüksək enerjili, həm də zülalla zəngin olmalıdır. Sümüklərin möhkəmlənməsi, beynin və daxili orqanların normal inkişafı üçün zülal, kalsium və vitaminlər böyük əhəmiyyət daşıyır. Uşaqlar adətən tez-tez, lakin az miqdarda qida qəbul edirlər. Onların gündəlik menyusunda süd və süd məhsulları, yumurta, balıq, toyuq kimi asan həzm olunan və faydalı maddələrlə zəngin qidalar olmalıdır. Bundan əlavə, D vitamini ilə zəngin qidalar, qoz, fındıq, zeytun və balıq yağı kimi faydalı yağlar da uşaqların inkişafında mühüm yer tutur. Vitamin və mineral balansının qorunması uşaqların immunitetinin güclənməsinə də kömək edir.

Gənclər də aktiv həyat tərzinə malik olduqları üçün onların enerji və zülal ehtiyacı yüksəkdir. Bu yaş dövründə orqanizm güclü fiziki və zehni fəaliyyət tələb edir. Ona görə gənclərin qidalanması balanslı, müxtəlif və sağlam olmalıdır. Gənclərin rasionunda tərəvəz, meyvə, ət, balıq, süd məhsulları və tam taxıllar kifayət qədər yer almalıdır. Ziyanlı qidaların, fast-food və qazlı içkilərin çox istifadəsi isə həm maddələr mübadiləsinə mənfi təsir edir, həm də artıq çəkinin yaranmasına səbəb ola bilər.

Yaşlı insanlara gəldikdə isə onlar artıq böyümə dövrünü keçdikləri üçün bədən funksiyaları müəyyən qədər zəifləyir və maddələr mübadiləsi yavaşlayır. Bu səbəbdən ağır, yağlı və qızardılmış yeməklərdən, həmçinin həzm olunması çətin olan qidalardan uzaq durmaq məsləhətdir. Onların rasionunda tərəvəz, meyvə, yüngül və tez həzm olunan yeməklər üstünlük təşkil etməlidir. Qidanın tez-tez, lakin az miqdarda qəbul edilməsi həzm sistemini yormur və orqanizm üçün daha faydalıdır. Eyni zamanda duz və şəkərin miqdarını azaltmaq, kifayət qədər su içmək vacibdir. Ürək-damar, təzyiq və şəkər xəstəlikləri kimi yayılmış problemlər nəzərə alınmalı, qidalanma bu xəstəliklərin qarşısını almağa və ya təsirini azaltmağa yönəldilməlidir. Qısaca desək, uşaqlar böyümə və inkişaf prosesi üçün daha çox və daha qidalı yeməlidirlər. Yaşlı insanlar isə orqanizmi yükləməmək üçün daha yüngül, lakin keyfiyyətli və faydalı qidalar qəbul etməlidirlər. Sağlam qidalanma hər yaşda düzgün seçilmiş miqdar, balans və ardıcıllıq deməkdir".