İlin sonuna qədər həkim çatışmazlığı problemi yaşanan bölgə qalmayacaq - Vüqar Qurbanov

30 Oktyabr 2025 14:27 (UTC+04:00)

“E-təbib” platforması vasitəsilə vətəndaşlar 103 xidmətinə müraciət edərək təcili tibbi yardımdan yararlana biləcəklər. Ambulans və xəstəxanalarda tibbi xidmətə ehtiyacı olan vətəndaşların xəstəxanaya qəbulu tam şəkildə elektron sistem üzərindən həyata keçiriləcək. Bu layihənin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, layihə çərçivəsində həm ambulanslarda quraşdırılmış telefon və planşetlər vasitəsilə, həm də çağrı mərkəzindən xəstələrin yönləndirilməsi mümkün olacaq.

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həkimlik ixtisası üzrə təhsil almayan şəxslərin həkim kimi fəaliyyət göstərməsi hallarının aşkarlanmadığına diqqət çəkən icraçı direkor deyib: “Çünki TƏBİB-da işə qəbul prosesi tam şəkildə ölkə qanunvericiliyinə uyğun aparılır. Diplomları və sənədləri Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmayan şəxslərin TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi xidmət göstərməsinə icazə verilmir. Həmçinin vurğulamaq istəyirəm ki, bütün dünyada səhiyyə sahəsindəki ən vacib problemlərdən biri həkim çatışmazlığıdır. Ölkəmizin regionlarında da bu problem müşahidə olunurdu. Lakin biz bu problemi həll etmək məqsədilə yeni layihə həyata keçirmişik. Bu layihə çərçivəsində Bakı şəhərində çalışan həkimlər növbəli şəkildə regionlarda xidmət göstərirlər. İlin sonuna qədər ölkəmizin elə bir bölgəsi qalmayacaq ki, orada həkim çatışmazlığı problemi yaşansın”.