“Bu Azərbaycanın gücünü və ədalətini göstərən misilsiz hadisə idi“ - ŞƏRH OLUNDU

30 Oktyabr 2025 14:07 (UTC+04:00)

“Tarixi Zəfər Azərbaycan xalqının milli dəyərlərə söykənən böyük potensialını və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Bu Qələbə bir daha sübut etdi ki, müstəqillik dövründə Azərbaycan dövlətçilik ənənələrinə sadiq, milli kimliyini qoruyan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Məhz bu nəsil iki əsr ərzində həllini tapmayan münaqişəni “Dəmir yumruğ”un qüdrəti ilə cəmi 44 günə həll etdi. BMT tarixində ilk dəfə olaraq qəbul edilmiş qətnamələri işğala məruz qalan dövlət özü hərbi yolla icra etdi. Bu, Azərbaycanın gücünü və ədalətini göstərən misilsiz hadisə idi. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov vurğulayıb ki, İkinci Qarabağ müharibəsi xalqımızın milli həmrəyliyini və birliyini daha da möhkəmləndirdi: “Qəhrəman əsgər və zabitlərimizin göstərdiyi igidlik Ermənistan rəhbərliyini Azərbaycanın hərbi-siyasi qüdrətini qəbul etmək məcburiyyətində qoydu. Cəmi 44 gün ərzində düşmənin ordusu, texnikası və canlı qüvvəsi məhv edildi. Amma məhv edilən yalnız Ermənistanın hərbi gücü deyildi, eyni zamanda, dünya erməniliyinin illərlə bəslənən saxta ideologiyası da iflasa uğradı.

Deputat diqqətə çatdırıb ki, Vətən müharibəsindən ötən dövrdə Zəfər yürüşünün gözlənilən davamı gəldi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Bu baxımdan son beş il bir çox tarixi hadisələrlə zəngin dövrdür. Beş il əvvəl misilsiz qəhrəmanlıqla tarixə yazılan Zəfərin sədası bu gün azad torpaqlarda quruculuq və yenidən dirçəlişin rəmzinə çevrilib. Qalib Azərbaycanın yeni inkişaf mərhələsi artıq bərpa, inşa və dirçəliş dövrü ilə səciyyələnir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr, müasir şəhər və kəndlərin salınması, sosial-iqtisadi infrastrukturun bərpası dövlətin əsas strateji məqsədinin, Böyük Qayıdışın reallığa çevrildiyini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, artıq 50 mindən çox insan bu torpaqlarda yaşayır, onların 20 mini öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərdir. Beləliklə, Böyük Qayıdış artıq real sosial-iqtisadi proses kimi həyatımıza daxil olub.

Cəbrayılda fəaliyyət göstərən “Araz Vadisi” sənaye zonası və inşası davam edən Günəş Elektrik Stansiyaları regionun iqtisadi simasını tamamilə yeniləyir. 400 meqavat gücündə bərpaolunan enerji potensialı təkcə bu bölgənin deyil, bütün Azərbaycanın enerji təhlükəsizliyinə strateji dəstək verir. Dövlət başçısının da vurğuladığı kimi, əsas məqsəd azad edilmiş ərazilərdə həm rahat yaşayış, həm də dayanıqlı məşğulluq imkanları yaratmaqdır ki, bu da Böyük Qayıdışın sosial əsaslarını formalaşdırır.

K.Bayramov əlavə edib ki, tarixi Qələbəmizin dövlət səviyyəsində əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bununla yanaşı, Vətən müharibəsində göstərilən qəhrəmanlığın və fədakarlığın layiqincə qiymətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qələbə münasibətilə 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub. Bu orden və medallar Vətən müharibəsində qəhrəmanlıq göstərən hər bir igidimizin şücaətini, xalqımızın isə qürur və minnətdarlıq duyğularını əks etdirir”.