“Mənim Qarabağa səfərim” kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB/FOTOLAR

30 Oktyabr 2025 14:03 (UTC+04:00)

Oktyabr 30-u “Libraff” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) keçmiş əməkdaşı, yazıçı, tədqiqatçı-müəllim Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimat və imza mərasimi keçirilib. SİA xəbər verir ki, TEAS Press nəşriyyatı tərəfindən yüksək səviyyədə çap olunan Nik Nvolisanın bu xatirə kitabı onun Azərbaycanda sosial-humanitar və vətəndaş cəmiyyəti sahəsində fəaliyyəti zamanı BAMF-da qazandığı təcrübələri əks etdirir.

Parlament nümayəndələrinin, səfirlərin, ictimai xadimlərin, ali məktəb rəhbərlərinin, media və vətədaş cəmiyyəti institutlarının nümayəndərinin iştirak etdiyi tədbirin moderator Mətbuat Şurasının sədri, BAMF-ın Himayəçilik şurasının üzvü Rəşad Məcid açılış nitqi ilə çıxış edib. İlk olaraq qonaqları salamlayan BAMF-ın prezidenti Umud Mirzəyev müəllif Nik Nvolisanın Azərbaycana və BAMF-a ilk gəlişindən danışıb. O, Nikin təşkilatda könüllülükdən proqram departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlməsini vurğulayaraq kitabda Birinci Qarabağ müharibəsindən sonrakı onilliklər ərzində BAMF-ın sülh təşəbbüslərinin və humanitar fəaliyyətlərinin əks olunduğunu qeyd edib.

Ardınca Nik Nvolisanın hazırda tədqiqatçı-müəllim kimi çalışdığı Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) direktoru Angela Romney kitabın Azərbaycanın və Qarabağın tarixini əks etdirdiyini və kitabda qeyd olunan hekayələrin ifadəliyini və canlılığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin baş katibi, BAMF-ın Himayəçilik şurasının sədri Çingiz Abdullayev, millət vəkilləri Səməd Seyidov, Fazil Mustafa, Ceyhun Məmmədov, Razi Nurullayev, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir, əməkdar jurnalistlər Azər Həsrət və Elçin Alıoğlu çıxış ediblər.

Qeyd edək ki, 20 ilə yaxındır Azərbaycanda yaşayan Nigeriya vətəndaşı Nik Nvolisa Xəzər Universiteti, Slavyan Universiteti və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında təhsil almış, eləcə də burada ailə həyatı qurmuşdur. Azərbaycana gəldikdən sonra 2007-ci ildə əmək fəaliyyətinə BAMF-da könüllü kimi başlayan və sonradan təşkilatın Proqram Departamentinin rəhbəri vəzifəsinədək yüksələn Nik Nvolisanın bu kitabı onun ölkəmizdə sosial-humanitar və vətəndaş cəmiyyəti sahəsində göstərdiyi uzunmüddətli fəaliyyətinin, topladığı təcrübəsinin bədii və elmi inikasıdır. Əsərin maraqlı və vacib cəhətlərindən biri də onun 21-ci əsrdə Azərbaycana köç etmiş bir miqrantın baxış bucağından yazılmasıdır ki, bu da bölgənin sosial və iqtisadi mənzərəsinə yeni və fərqli bir yanaşma gətirir.