Françayzinq modeli KOB-lar üçün yeni inkişaf mərhələsi deməkdir - KOBİA

30 Oktyabr 2025 12:31 (UTC+04:00)

Françayzinq modeli KOB-lar üçün sadəcə bir biznes aləti deyil, həm də yeni düşüncə tərzidir. O, sahibkarları daha sistemli, planlı və beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətə sövq edir. SİA xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avrasiya Françayzinq Forumunda deyib.

"Düşünürəm ki, bu mexanizmin daha geniş tətbiqi ölkəmizdə həm yeni iş yerlərinin açılmasına, həm də yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaradacaq. Bu gün françayzinq modeli KOB-lar üçün yeni inkişaf mərhələsi deməkdir. Bu mexanizm sayəsində sahibkarlar sınaqdan çıxmış biznes modellərinə qoşularaq riskləri azaldır, yeni bazarlara daxil olur və beynəlxalq brendlərlə əməkdaşlıq imkanı qazanırlar. KOBİA olaraq, biz françayzinqin ölkəmizdə inkişafını prioritet istiqamətlərdən biri kimi görürük. KOBİA sahibkarlara hüquqi, məsləhət və maarifləndirici dəstək göstərir, beynəlxalq təcrübələrin tətbiqinə şərait yaradır. Bizim məqsədimiz yerli sahibkarların bilik və bacarıqlarının artırılması, onların beynəlxalq əməkdaşlıq imkanlarına çıxışının genişləndirilməsidir. Biz inanırıq ki, bu forum həm yerli, həm də beynəlxalq tərəfdaşlar arasında yeni əməkdaşlıq körpüləri yaradacaq, təcrübə mübadiləsini gücləndirəcək və Azərbaycanı Avrasiya regionunda françayzinq mərkəzlərindən birinə çevirəcək", - deyə O.Məmmədov deyib.

O.Məmmədov qeyd edib ki, tədbirin təşkil olunmasında məqsəd ticarət markası sahiblərini, sərmayəçiləri və sahibkarları, habelə françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirməkdir: “Sahibkarları dəstəkləyən, onların rəqabət qabiliyyətinin yüksəldilməsində maraqlı olan qurum olaraq, KOBİA məhz belə bir mövzuda beynəlxalq forumun ölkəmizdə keçirilməsi təşəbbüsünü dəstəkləyir. Hesab edirik ki, ölkəmizdə keçirilən bu tədbir, yerli və xarici sahibkarlar arasında işgüzar əməkdaşlığın və B2B kontaktların səmərəli qurulması baxımından olduqca əhəmiyyətli platformadır. Dövlət orqanlarının, yerli və xarici özəl sektor nümayəndələrin, müxtəlif sahələri əhatə edən sahibkar və investorların bir məkanda toplanması KOB subyektlərinin dinamik inkişafının təməl daşlarından hesab olunan əqli mülkiyyət komponentinin dəstəklənməsi istiqamətində dövlət siyasəti və dünya təcrübəsinin geniş müzakirəsi üçün dialoq qurulmasına imkan verir”.